Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan-Qazaxıstan münasibətləri ikitərəfli dərin və möhkəm köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini, mədəni və iqtisadi dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Hər iki xalq, eyni zamanda, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə edilib. Amazsız Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hal-hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Hələ Sovet İttifaqı dövründə sıx dostluq münasibətlərinə malik olan ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev bu əlaqələri hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam və inkişaf etdiriblər.

Azərbaycanla Qazaxıstan arasında hazırda Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA və TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurla həyata keçirilir. 
Azərbaycan Prezidenti İlham Əliyev nitqlərində dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında münasibətlərin son illərdə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.

Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində uğurlu fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsinin araşdırılmasında da uğurla əməkdaşlıq ediblər və bu ənənə bu gün də həyata keçirilir.

Qeyd edim ki, indiyədək Azərbaycan ilə Qazaxıstan arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər hər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafa böyük töhfə verib.

Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Bu gün iki ölkə tərəfindən nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verir. Xatırladaq ki, son illərdə əməkdaşlığın yeni səviyyəyə çatdırılmasının nəticəsidir ki, ticarətin həcmi praktiki olaraq 3 dəfə yüksəlib. Cari ilin ilk dörd ayında isə ticarət dövriyyəsi  ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib. 

Bununla belə, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırılması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi missiyalar, eləcə də özəl sektor təmsilçiləri ilə ölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır. Lakin bu, arxayınlaşmağa əsas vermir, çünki ticarəti artırmaq üçün daha geniş  imkanlar var. 

İki ölkə arasında iqtisadi əməkdaşlıqda aqrar sektor məsələri də xüsusi yer tutur. Burada Qazaxıstanın taxıl, buğda, habelə kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, Azərbaycandan meyvə-tərəvəz məhsullarının idxalını genişləndirmək mümkündür. Ümumiyyətlə, bir sıra Qazaxıstan Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdır. Bunun üçün, ilk növbədə, əmtəə dövriyyəsinin logistikası təmin edilməlidir.  

Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.                                                                                                                                                     
Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.


Nizami Novruzov,

riyaziyyat üzrə fəlsəfə doktoru