Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabər hüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bəli, bu bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir.Azərbaycan qalib tərəf kimi bu gündə sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmışdır.
Sözsüz ki, rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin tam şəkildə təmin olunması, doğrusunu desək, daha da möhkəmlənməsi ilə nəticələnəcək. Bunun fonunda regionda yeni siyasi proseslərin baş verəcəyi istisna deyil. Həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstandan bu proseslərdən faydalanacaqlar.
Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və diqqətimizi buna yönəltməliyik. Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.
İlk növbədə qeyd edək ki, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq, üç ölkə arasında diplomatik-siyasi münasibətlərin normallaşması prosesi başlayacaq.
Eyni zamanda, nə Azərbaycanda, nə də Ermənistanda müharibə qorxusu olacaq. Yəni Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya getməyəcək, əksinə Azərbaycanla ikitərəfli münasibətlərin qurulmasında və inkişafında maraqlı olacaq.
Regional sülhün tam bərpa olması Zəngəzur dəhlizinin reallaşmasına da öz təsirini göstərəcək. Sözügedən dəhliz Azərbaycan, Ermənistan və Türkiyə arasında kommunikasiya xətlərini təmin etməklə yanaşı Çinin “Bir kəmər, bir yol” layihəsinin mühüm prioriteti olan “Orta Dəhliz” üzərindən logistik yüklərin qısa zaman ərzində daşınmasına münasib şərait yaradacaq. Bu baxımdan Ermənistan rəhbərliyi də bu dəhlizə maraq göstərəcək. Çünki Azərbaycan bu dəhliz vasitəsilə Naxçıvana və Türkiyəyə çıxış imkanları əldə edəcəyi halda Ermənistanın da Rusiya və Mərkəzi Asiyaya çıxış imkanları olacaq.
Ümumiyyətlə, regional sabitlik və təhlükəsizliyin bərqərar olunması əsnasında Cənubi Qafqaz Şimal ilə Cənub və Şərq ilə Qərb arasında beynəlxalq nəqliyyat qovşağına çevriləcək. Bunun baş verəcəyi təqdirdə müəyyən güc mərkəzlərinin, xüsusilə Çin, Hindistan, İran və Türkiyə, eləcə də Qərb ölkələri bu regiona böyük həcmdə investisiya yatıracaq.
Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var
Əminə Ağazadə
Milli Məclisin deputatı