Azərbaycan Qafqazın yeganə müsəlman ölkəsi, regionda İslamın digər dinlərlə qarşılaşdığı unikal məkandır. Bu ölkə mühüm ticarət yollarının, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu ərazi olmaqla, tarixən dünya siyasətində mühüm rol oynayan regionda yerləşir. Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti məhz onun strateji coğrafi mövqeyi ilə bağlıdır. Cənubi Qafqazda İran və Rusiya ilə həmsərhəd olan Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxışı olan yeganə dövlətdir. Hazırda Azərbaycan istər regional, istərsə də beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Bu isə onun effektiv və balanslaşdırılmış xarici siyasət strategiyasından irəli gəlir.
Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan işğalından azad edilməsi, ölkənin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığının təmin edilməsi idi. Ölkə prezidentinin xalqın iradəsinə əsaslanan düşünülmüş daxili və xarici siyasi kursu ona müstəqil milli siyasət yürütmək imkanı verdi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ildə antiterror əməliyyatları nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyünü tam təmin etdi. Bu qələbə Ali Baş Komandanın əzmi ilə yanaşı, Azərbaycan xalqının birliyinin və inamının bariz göstəricisi oldu.
Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.
Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz “OPEC Plus” formatının üzvüyük. Biz neft hasil edən ölkələrlə fəal şəkildə işləyirik. Biz müəyyən təkliflər irəli sürmüşük ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər.
Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Bizim yolumuz məlumdur, məqsədlərimiz bəllidir və bu yolda Azərbaycan dövlətinə heç kim mane ola bilməyəcək.
Əminə Ağazadə
Milli Məclisin deputatı