"Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, yerli əhali ilə münasibətlərdə daha effektiv bir quruma çevrilməsi üçün bu və ya digər problemlərin həlli məqsədilə səyləri birləşdirmək, zəruri tədbirlər görmək çox vacibdir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması məqsədilə bir sıra təkliflərin irəli sürülməsi məqsədəuyğun hesab edilir:
"Belə ki, bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsi, onların gəlir mənbələrinin genişləndirilməsi və maliyyə intizamının artırılması istiqamətində əlavə mexanizmlərin tətbiqi vacibdir. Bununla yanaşı, bələdiyyə üzvləri və qulluqçuları üçün davamlı peşəkar hazırlıq və ixtisasartırma proqramlarının genişləndirilməsi, rəqəmsal idarəetmə alətlərinin tətbiqinin dərinləşdirilməsi, şəffaflıq və hesabatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün daha dəqiq tənzimlənməsi, ictimai iştirakçılığın və vətəndaş nəzarətinin gücləndirilməsi yerli əhali ilə qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək. Bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi bələdiyyələrin nüfuzunun artırılmasına və yerli özünüidarəetmənin real inkişafına mühüm töhfə verəcək".