Azərbaycanın dövlət başçısı İlham Əliyevin ötən gün Moskvada düşməni döyüş meydanında məğlub edərək tam qələbə qazanan, ölkəsinin suverenliyini təmin edən Prezident kimi qarşılanması diqqətdən yayınmadı. Rusiya mediasının Azərbaycan Prezidentinin bu səfərinə geniş yer ayırması təsadüfi deyildi. Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutan Moskva səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni səhifə kimi qiymətləndirildi. Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması və Qazaxın işğal altında olan 4 kəndinin qaytarılması ilə bir vaxtda baş tutan bu səfər gələcək əməkdaşlığın yeni detallarının müəyyən olunması və müttəfiqlik sazişində nəzərdə tutulan digər məsələlərin həlli baxımından bu səfər olduqca əhəmiyyətli idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev söyləyib.
Bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin iştirak etdikləri Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihədəki roluna böyük diqqət ayrıldı: “Çıxış edənlər Ulu Öndərin nəcib missiyasının yeni müstəvidə davam etdirilməsinin vacibliyinə toxundular. Haqlı olaraq bildirildi ki, iki ölkə arasındakı dostluq münasibətlərinin təməli Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulub. 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəddir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı “Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Ulu Öndər Heydər Əliyevin bu siyasətini davam etdirən Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə hər zaman çox həssas yanaşıb. Bunun nəticəsidir ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edən ilk ölkələrdən oldu. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə dövlətlərarası münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı”.
Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsinin 4,5 milyard ABŞ dollarına çatdığını söyləyən deputat deyib: “2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.
Azərbaycanın Rusiya ilə əməkdaşlığının güclənməsi qətiyyən Bakının Qərbdən uzaqlaşması kimi başa düşülməməlidir. Ölkəmiz avroatlantik məkana inteqrasiya, Avropa İttifaqı, NATO ilə əməkdaşlıq istiqamətlərində fəaliyyətini davam etdirir. Eyni zamanda, biz qonşu ölkələrimizlə, türkdilli dövlətlərlə, Çinlə əməkdaşlığa xüsusi diqqət ayırırıq”.
Sonda deputat qeyd edib ki, dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.