“Azərbaycan Silahlı Qüvvələri inkişaf sürətinə görə dünyadakı bütün analoqlarını qabaqlayır”

Mahir Abbaszadə: “Heç bir dövlət qısa zamanda bu qədər böyük nailiyyət əldə edə bilməyib”

 “Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziyalara müsshibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan Silahlı Qüvvələri inkişaf sürətinə görə dünyadakı bütün analoqlarını qabaqlayır”.

 Bunu Moderator.az-a açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib. Millət vəkili qeyd edib ki, son iki ildə Azərbaycanın ordu quruculuğu istiqamətində əldə etdiyi uğurları heç bir ölkə təkrarlamayıb:

 “44 günlük Vətən Müharibəsindəki şanlı qalibiyyət Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ordumuz qısa zamanda erməni faşizmini darmadağın edərək işğaldakı torpaqlarımıza azadlıq bəxş etdi. Lakin əldə edilən zəfərə rəğmən dövlətimiz Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu prosesini post-müharibə dönəmində də davan etdirdi.

 Son iki il ərzində Silahlı Qüvvələrimizin inkişafı istiqamətində atılan addımlar, əldə edilən nəticələrə nəzər salsaq görərik ki, heç bir dövlət qısa zamanda bu qədər böyük nailiyyət əldə etməyib. Komando qüvvələrinin yaradılması, Xüsusi Təyinatlı Qüvvələrinin sayının iki dəfə artırılması və onların təchizatının ən yüksək səviyyədə təmin edilməsi buna nümunədir. Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyayt Xidmətinin  xüsusu təyinatlı dəstələrinin yaradılması da deyilənlərə sübutdur.

 Prezident müsahibəsində bəyan etdi ki, Silahlı Qüvvələrimizin inkişaf etdiriləsi siyasəti bundan sonra da davam edəcək və hər zaman diqqət mərkəzində saxlanılacaq. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək və bütün təhlükələri dəf etməyə daim hazır olacaq”.