Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanaraq inkişaf etdirməkdədir. Ölkəmizin müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.
Dünyada Azərbaycan beynəlxalq əməkdaşlıq üçün çox mühüm əhəmiyyətə malik dövlət kimi qəbul olunur. Xüsusən də, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində ölkəmizin müstəsna rol oynaması, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfə yüksək qiymətləndirilməkdədir.
Son illər Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verən ölkələrdən biri də Sloveniya Respublikasıdır. Balkan yarımadasının şimal-qərbində yerləşən Sloveniyanın Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.
Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Sloveniya ilə Azərbaycanın müstəqillik tarixi də oxşardır. Uzun müddət başqa dövlətlərin tərkibində olmuş və dövlət müstəqilliyini təxminən eyni vaxtda qazanmış ölkələrimiz son illərdə böyük sınaqlardan uğurla çıxmışlar. Əlamətdar haldır ki, artıq münasibətlərimiz möhkəmlənir və genişlənir. Ölkələrimiz arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları, sərmayə qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlıq imkanları vardır.
Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək
Cənubi Qafqazın aparıcı dövlətinə çevrilən Azərbaycan regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakını təmin etməklə yeni əməkdaşlıq üçün imkanlar açmışdır. Azərbaycanla bütün sahələrdə əlaqələrin genişləndirilməsinə maraq göstərən dövlətlərin sayının ildən-ilə artması bunu bir daha təsdiqləyir. Azərbaycanın regionda lider dövlət statusunu qoruyub saxlaması, dünyadakı mövqelərinin getdikcə möhkəmlənməsi qarşılaşdığımız bütün problemlərin milli maraqlarımıza uyğun həll edilməsinə imkan yaradıb.
İki dövlət arasında əlaqələrin yeni mərhələdə inkişafı bütövlükdə qlobal və regional təhlükəsizliyə və sabitliyə töhfə verməklə, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcəkdir.
Əminə Ağazadə
Milli Məclisin deputatı