Azərbaycanın uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla münasibətlər ən yüksək səviyyəyə çatıb. Xalqlarımızın tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər qırılmaz tellər üzərində qurulub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Prezidentin 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri və sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında cənab Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak etməsi münasibətlərimizdəki bağların qırılmazlığının əyani sübutudur. Bundan başqa Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.
Azərbaycan və Tacikistan liderlərinin intensiv qarşılıqlı səfərləri münasibətlərimizin strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini səciyyələndirir. Azərbaycan-Tacikistan münasibətlərinin strateji səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin və Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.
Tacikistan Prezidenti Emoməli Rəhmonun bu dəfəki dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərdə sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verilib. İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək və verilən tapşırıqların yerinə yetirilməsinin vəziyyəti müzakirə olunacaq. Tacikistan Prezidenti noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət edilib.
Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes-forumu iqtisadi-ticari əlaqələrini inkişaf potensialının yüksək olduğunu göstərdi. Forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub.
Hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Bu ilin ilk dörd ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 78 faiz artıb. Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) də fəal istifadə edir.
Prezidentlərin görüşündə Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələlər ətraflı nəzərdən keçirilib. Artıq Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır. Qeyd edək ki, Qarabağ Zəfərindən sonra Azərbaycanın bütün dünyada nüfuzu artmaqdadır. Orta Dəhliz Şərqdən Qərbə yükdaşımalarında son dərəcə əhəmiyyətli yoldur və bu marşrutun ən vacib hissəsi Zəngəzur dəhlizi olacaq. Odur ki, Tacikistanın da bu marşruta qoşulması bizim ümumi gücümüzü artıracaqdır.
Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur
Bir daha bildirək ki, cənab Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, əsas məsələ münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteridir. Əgər iki ölkənin əlaqələri dostluq, qardaşlıq münasibətlərinə söykənmirsə, sırf iqtisadi maraqlar üzərində qurulubsa onün ömrü o qədər də uzun ola bilməz.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı