Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dünyaya nümunədir

44 günlük Vətən Müharibəsi zamanı hər gün, hər an Azərbaycanın yanında olduğunu bildirən Türkiyə dövlətinin dəstəyi nəticəsində ölkəmiz məkrli qüvvələrin regiona müdaxilə etməsinə, öz çirkli oyunlarını burada həyata keçirməsinə imkan vermədi. Bu baxımdan da Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı daimidir, ən əsası isə bunun üçün tarixi, milli, etnik, bir sözlə, inkar olunmaz və ayrılmaz bağlar mövcuddur. Bu səbəbdən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana səfər etməsi, bütün xalqımızı sevindirən bir hadisədir. Qardaş ölkənin rəhbərinin Füzuli hava limanının açılışında iştirak etməsi, Zəngəzur dəhlizinin təməlqoyma mərasiminin Prezident İlham Əliyevlə birlikdə həyata keçirilməsi, aparılan görüşlər və danışıqlar, Türkiyənin çox böyük nümayəndə heyətinin bu mərasimlərə qatılması bir daha göstərir ki, Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq sarsılmazdır. Bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, burada iki ölkə arasında təkcə dövləti mənafelər deyil, qardaşlıq, dostluq, mehribanlıq, bir-birinə qarşı olan həddindən artıq böyük münasibətlər Azərbaycanla Türkiyə arasında olan qırılmaz tellərin bariz təcəssümüdür. Bu, bütün dünyaya bir nümunədir və mətbuatdan da izlədiyimiz kimi, bu hadisəni  bütün dünya siyasiləri bütün dünya mətbuatı çox yüksək qiymətləndirir. Həqiqətən də Azərbaycanla Türkiyə arasında olan bu münasibətlərə dünya heyranlıqla tamaşa etdi. Bu sarsılmaz birlik həyatın bütün sahələrində öz əksini tapır. Düşmən işğalından azad olunan Qarabağ yenidən qurulur. Kəndlər, qəsəbələr, şəhərlər tarixi memarlıq ənənələrini yasatmaqla müasir dövrün tələblərinə uyğun tikilir. İndi Qarabağ dünyanın nəhəng tikinti-quruculuq meydanına çevrilib. Bu meydanda Azərbaycan tək deyil. Hər zaman hər yerdə olduğu kimi, qardaş Türkiyə yenə Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti səfəri ilə bunu bir daha dünyaya bəyan etdi və təsdiq etdi. Qardaş ölkənin dövlət başçısı Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərə söylədiyi fikirlər bir daha onu təsdiq edir ki, həqiqətən də Azərbaycanın sevinci Türkiyənin sevincidir. Rəcəb

Tayyib Ərdoğan jurnalistlərə belə deyib:

-Səfər çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma və bərpa işlərini yaxından izlədik. Həmin ərazilərdə iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin tikintisi və yenilərinin çəkilməsi ilə fəaliyyətləri birgə analiz etmiş olduq. Azərbaycanın nailiyyətlərinə ən azı azərbaycanlı qədər biz də sevinirik. Türkiyə olaraq bu layihələrin bir parçası olmaqdan qürur duyuruq. 
 

Türkiyə Prezidenti səfər zamanı Prezident İlham Əliyevlə birlikdə neçə-neçə açılışlar etdilər, tədbirlərə qatıldılar və bu, əsl qardaşlıq diqqəti, dostluq qayğısı idi. Yolların, tunellərin, kənd və qəsəbələrin tikintisi ilə maraqlandılar. Qeyd etmək lazımdır ki, Azərbaycanın Qarabağ ərazisində Türkiyə şirkətləri fəal iştirak edir. Onlar tərəfindən 62 kilometr uzunluğunda tunel tikilir. Bu şirkətlərdə 7 minə yaxın işçi çalışır ki, onun 2 min nəfərə yaxını Türkiyə vətəndaşıdır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin təməlini qoyaraq yeni bir tarix yazdılar. Bu tarix, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu səfəri barədə hələ çox yazılacaq, çox deyiləcək. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı.

Əliabbas Salahzadə,
millət vəkili