Azərbaycan, Türkmənistan və Özbəkistan: Qardaşlıqdan Strateji Tərəfdaşlığa

Avaza şəhərində keçirilmiş yüksək səviyyəli görüş Azərbaycan, Türkmənistan və Özbəkistan arasında münasibətlərin yeni mərhələsini işarə etdi. Bu sammit həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır, çünki artıq üçtərəfli əməkdaşlıq formatı rəsmən elan olunmuşdur. Prezident İlham Əliyevin bəyanatı görüşün mahiyyətini aydın şəkildə ifadə etdi. Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu qardaşlıq bağları ilə birləşmiş, bu gün isə həmin ənənələr müstəqil dövlətlərin siyasətində davam etdirilir. İmzalanmış sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında saziş xüsusilə simvolik xarakter daşıyır. Türkmənistanın Qarabağda məscid inşa etməsi təşəbbüsü də böyük mənəvi əhəmiyyətə malikdir. Bu addım yalnız dini ibadət yeri deyil, həm də xalqlar arasında dostluğun və dəstəyin rəmzi olacaq. Prezident İlham Əliyev minnətdarlıqla vurğuladı ki, türkmən xalqının bu təşəbbüsü Azərbaycanın bərpa prosesinə səmimi töhfədir. Özbəkistanın töhfələri də diqqət mərkəzində idi. Xankəndidə yaradılmış tikiş fabriki artıq iki yüzdən çox qadını işlə təmin edib. Bu, təkcə iqtisadi layihə deyil, həm də sosial inkişafı sürətləndirən mühüm təşəbbüsdür. Bundan əlavə, Mirzə Uluqbəy məktəbinin istifadəyə verilməsi Qarabağda təhsil infrastrukturunun möhkəmləndirilməsi istiqamətində böyük addım oldu. Avaza görüşündə qəbul edilmiş qərarların əsas məqsədi regional əməkdaşlığı dərinləşdirməkdir. Prezident İlham Əliyev dövlət qurumlarına göstəriş verərək bildirdi ki, nəqliyyat, enerji və mədəniyyət sahələrində üçtərəfli layihələr işlənib hazırlanmalıdır. Bu, həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək. Prezident İlham Əliyev Avaza Zirvəsini tarixi sammit kimi qiymətləndirdi. Onun fikrincə, bölgədə sülh və tərəfdaşlıq mühitinin möhkəmləndirilməsi üçün yeni əməkdaşlıq platforması yaradılıb. Bu platforma gələcəkdə türkdilli dövlətlərin regional və beynəlxalq miqyasda mövqelərini gücləndirəcək.

Şahin Seyidbəyli

Milli Məclisin deputatı