Azərbaycan, Türkmənistan və Özbəkistan: tarixi Zirvə görüşündən yeni regional əməkdaşlıq formatına

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın xarici siyasətinin əsas və sarsılmaz istiqamətlərindən birini Türk dövlətləri ilə qurulan möhkəm və hərtərəfli münasibətlər təşkil edir. Azərbaycanın Türkmənistan və Özbəkistanla münasibətləri, ümumən Türk dünyası ilə əməkdaşlıq siyasətinin ayrılmaz hissəsi olmaqla, qardaş dövlətlər arasında həm siyasi, həm iqtisadi, həm də mədəni inteqrasiyanı möhkəmləndirir. Bu münasibətlər Türk dövlətlərinin vahid güc mərkəzinə çevrilməsi istiqamətində mühüm addımların atılmasına xidmət edir və regionun geosiyasi əhəmiyyətini daha da artırır. Azərbaycanın Türkmənistanla əlaqələri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlətlərimiz arasında Xəzər dənizi üzərindən həyata keçirilən nəqliyyat və enerji layihələri regional əməkdaşlığın əsas sütunlarından birinə çevrilib. “Dostluq” yatağının birgə işlənməsi, həmçinin Transxəzər nəqliyyat marşrutunun inkişafı Azərbaycanın Türkmənistanla münasibətlərində yeni mərhələ açmışdır. Bu əməkdaşlıq yalnız enerji resurslarının dünya bazarına çıxarılmasını təmin etmir, həm də regionun nəqliyyat-logistika potensialını artıraraq Avrasiya məkanında mühüm bir tranzit körpü yaradır.  Azərbaycan–Özbəkistan münasibətləri isə qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanır. Ölkələrimiz türkdilli dövlətlər ailəsinin üzvü olaraq, siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq həyata keçirir. Bununla yanaşı, dövlətlərimiz arasında ticarət dövriyyəsinin dinamik artımı, kənd təsərrüfatı, nəqliyyat, enerji və sənaye sahələrində imzalanmış çoxsaylı müqavilələr qarşılıqlı əlaqələrimizin daha da dərinləşdiyinin açıq nümunəsidir.  Günü-gündən inkişaf edən bu tərəfdaşlığın məntiqi davamı olaraq, cari il avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüş keçirildi. Bundan sonra dövlət başçısı İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilmiş yüksək səviyyəli görüşün yekunları ilə bağlı mətbuata bəyanatla çıxış etdi. Cənab Prezidentin verdiyi bəyanat regionun siyasi, iqtisadi və strateji gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüş, təkcə üç qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsini deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqazın geosiyasi arxitekturasında baş verən mühüm dəyişiklikləri əks etdirdi. Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu bu format regional sabitliyin möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və beynəlxalq nəqliyyat-logistika marşrutlarının inkişafı üçün geniş imkanlar açacaq. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Türkmənistanın inkişafı və müasir dövrdə əldə etdiyi nailiyyətlər ölkənin etibarlı əllərdə olduğunun sübutudur. Dövlət başçımız bildirdi ki, Avaza şəhərində və bütövlükdə Türkmənistanda müşahidə olunan sürətli inkişaf Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi nəticəsində mümkün olub.   Avazada imzalanmış Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması barədə sənəd Azərbaycan–Türkmənistan münasibətlərinin dərin qardaşlıq təməlini təsdiq edən mühüm siyasi və mədəni addım kimi tarixə düşdü. Azərbaycan və Türkmənistan arasında strateji yaxınlıq həm siyasi, həm də iqtisadi müstəvidə özünü aydın göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qurbanqulu Məlikquliyeviçin Azərbaycana son səfəri zamanı Qarabağ bölgəsinə birgə səfərlər həyata keçirilib və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlətlərimizin mövqelərinin üst-üstə düşməsi, gələcək əməkdaşlıq perspektivlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarının güclənəcəyini göstərir. Türkmənistanın Füzuli şəhərində məscid inşa edəcəyi barədə qərarı Azərbaycan–Türkmənistan qardaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, bu təşəbbüs qardaş türkmən xalqının Azərbaycan xalqına mənəvi dəstəyini, həm də işğaldan azad edilmiş torpaqlarda birgə mədəni-mənəvi irsin dirçəlişinə xidmət etdiyini sübut edir. Artıq məscidin memarlıq layihəsi hazırlanıb və yaxın gələcəkdə onun təməlinin qoyulması planlaşdırılır. Azərbaycan–Özbəkistan qardaşlığının bariz nümunəsi isə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial layihələrdə öz əksini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistanın təşəbbüsü ilə Xankəndidə böyük tikiş fabriki fəaliyyətə başlayıb. Hazırda burada iki yüzdən çox insan çalışır, onların böyük əksəriyyəti qadınlardır. Bu təşəbbüs Qarabağda məşğulluğun artırılması, qadınların sosial-iqtisadi həyata cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Füzuli şəhərində özbək xalqının dahi mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəbin inşası Qarabağın dirçəlişinə simvolik töhfədir. Bu addım Azərbaycan və Özbəkistan xalqları arasında sarsılmaz dostluğun daha bir təcəssümüdür. Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə bəyanatlarla deyil, əməli addımlarla sübut olunmuş qardaşlıq üzərində qurulub. Ən çətin məqamlarda belə Özbəkistanın Azərbaycana dəstək göstərməsi, Qarabağın bərpasına konkret layihələrlə qoşulması bu dostluğun reallığını nümayiş etdirir. Yüksək səviyyəli görüşün ən mühüm nəticələrindən biri isə üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə qərardır. Prezident İlham Əliyev bəyan etdi ki, artıq müvafiq dövlət qurumlarına göstərişlər verilib və nəqliyyat, tranzit, logistika, enerji, neft, qaz və mədəni əlaqələr üzrə əməkdaşlıq istiqamətləri müəyyən olunacaq. Bu isə regionda yeni geosiyasi əməkdaşlıq mərkəzinin formalaşdığını göstərir. Dövlət başçımız çıxışının sonunda vurğuladı ki, bu Zirvə görüşü tarixi hadisədir və bölgədə sülhə, əməkdaşlığa və davamlı inkişafa xidmət edəcək yeni tərəfdaşlıq formatı yaradılıb. Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu strateji tərəfdaşlıq yalnız iqtisadi maraqlara əsaslanmır, həm də ortaq tarixi-mədəni bağlara, etnik və mənəvi yaxınlığa söykənir. Bu isə əməkdaşlığı daha dayanıqlı və uzunmüddətli edən əsas amillərdəndir. Azərbaycanın regional liderlik mövqeyi və təşəbbüskar diplomatiyası bu formatın perspektivlərini daha da gücləndirir, xüsusilə də enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və ticarət sahələrində birgə layihələrin həyata keçirilməsinə zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər. Bundan başqa, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”, “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” imzalandı.        Beləliklə, 22 avqustda keçirilən görüş və onun nəticələri qlobal enerji bazarında, həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında yeni geoiqtisadi reallıqların formalaşmasına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin bəyanatı isə yalnız regionun gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirməklə kifayətlənmədi, eyni zamanda Azərbaycanın xarici siyasət kursunun ardıcıl, praqmatik və uğurlu nəticələrini bir daha təsdiqlədi.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini.