İyunun 4-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxış edərkən Azərbaycanın bu sektorda qət etdiyi yol, əldə etdiyi nailiyyətlərlə yanaşı, həm də gələcək inkişaf üçün yol xəritəsini aydın şəkildə göstərdi.
Bu tədbir 30 ildir ki, neft, qaz və enerji sektorunda mühüm əməkdaşlıq platformasına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunun göstəricisidir. Uzun illər uğurla təşkil edilən sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndərirlər. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsinə İsveç, Hindistan və
Sloveniyadan olan şirkətlər ilk dəfədir qatılırlar. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır.
Bakı Enerji Həftəsi təkcə enerji təhlükəsizliyi sahəsində deyil, eyni zamanda, siyasi cəhətdən də Azərbaycan üçün önəmli bir platformadır. Tədbirin bir çox dünya ölkələrindən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi və mühüm qərarların və əməkdaşlıqların müzakirə edildiyi məkana çevrilib.
Tədbir zamanı iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təqdir olunması, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın nüfuzu, tədbir iştirakçılarının ölkəmizin uğurlarını yüksək dəyərləndirməsi, dinamik inkişafı ilə fərqlənən Bakı şəhəri haqqında müsbət fikirləri əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla realizə olunduğundan xəbər verir.
Bu il Bakı Enerji Həftəsinin Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyinə təsadüf etdiyini nəzərə alaraq sazişin ötən dövrdə ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda dayanır: “Əsrin müqaviləsi” ilə iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirərək ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Bu müqavilə Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırdı, ölkəmiz etibarlı və arzulanan tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi.
Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim