“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Ağcabədi rayon təşkilatı mayın 3-də rayon Mədəniyyət Mərkəzində “Dünyanı heyrətə salan insan” mövzusunda tədbir keçirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. O, hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirmişdir. Azərbaycanın hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur: “Ən yüksək tribunalardan böyük iftixarla “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləyən dahi şəxsiyyət dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoyub”.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib ki, ulu öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, gələcəyə hesablanmış məqsədyönlü addımları ilə xalqımız qarşısında müstəsna xidmətlər göstərmişdir. Heydər Əliyev ötən əsrin hələ 70-80-ci illərində respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqlarının, o cümlədən mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək bildirib ki, Ulu Öndərin tarixi xidmətlərindən biri də bu gün ölkəmizin siyasi mühitində xüsusi rolu olan Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Təsis edilməsinin 30 illik yubileyini keçən il təntənə ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası daim siyasi mübarizələrin önündə getmiş, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasında, milli dövlətçilik ruhunun, qələbəyə inam hissinin formalaşmasında, qarşıya qoyulan məqsədlərin əldə edilməsinə öz töhfəsini vermişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Abbas vurğulayıb ki, Azərbaycanın inkişafına yönəlmiş siyasətin təməlini qoymuş ulu öndər Heydər Əliyev xalqımıza böyük nailiyyətlər qazandırmışdır. O, Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi. Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü və sabahı görünür.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra müstəqil dövlət quruculuğunun əsası qoyulmuşdur. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, respublikamızın sosial-iqtisadi yüksəlişinə xidmət edən addımlar atılmış, ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə tarixi uğurlar qazanmışdır.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.