Azərbaycan Universitetində Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü təşkil olunub

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT) “Zəfərə aparan yol” adlı tədbir keçirib. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin xatirəsini ehtiramla yad etmək, Vətən müharibəsi iştirakçılarını tələbələrə tanıtmaq məqsədilə təşkil olunan tədbir 27 sentyabr – Anım Gününə həsr olunub. 

Vətən müharibəsi iştirakçılarından Amil Əbilov, Cümşüd Hüseynov, Xanlar Məmmədəliyev və Şirin Alıyev, Azərbaycan Universitetinin şəhid məzunu Fəxrəddin Qurbanlının ailə üzvləri, universitetin professor – müəllim heyəti və TGT-nin fəal üzvlərinin iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin əvvəlində Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışinski, Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini müvəqqəti icra edən Hüseyn Rüstəmli çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına toxunulub, Anım Gününün təsis olunmasının, Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəyliyin əhəmiyyətindən bəhs olunub.  

Tədbir Vətən müharibəsi iştirakçılarının - Amil Əbilov, Cümşüd Hüseynov, Xanlar Məmmədəliyev və Şirin Alıyevin qatıldığı panel müzakirə ilə davam edib. Panel müzakirədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi və keçdikləri döyüş yolundan danışan, xatirələrini bölüşən müharibə iştirakçıları tələbələrin onlara ünvanladıqları çoxsaylı suallarını da cavablandırıblar. 

Tədbirin sonunda Azərbaycan Universitetinin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının əmisi Afiq Qurbanov çıxış edərək, Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini hər zaman böyük qürur və ehtiramla yad etdiyini bildirib. Anım tədbirlərinin gənclərin vətənə bağlılıq hissini gücləndirdiyini bildirən Afiq Qurbanov tədbir təşkilatçılarına təşəkkür edib. 

Amil Əbilov- Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, "Rəşadət" ordeni, “Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cümşüd Hüseynov- Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, "Döyüşdə fərqlənməyə görə", "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xanlar Məmmədəliyev- Baş gizir, "Döyüşdə fərqlənməyə görə", "Şücaətə görə", “Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şirin Alıyev- Baş gizir, "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi