Azərbaycan və Albaniya münasibətləri səmimi dostluq prinsipinə əsaslanır

Azərbaycan Respublikası xarici siyasət sahəsində 29 il ərzində çətin və uğurlu yol keçmişdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq, özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır. Azərbaycan Respublikasının müasir xarici siyasət strategiyasının fundamental prinsip və istiqamətlərinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlamışdır. Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət strategiyası ölkəmizin beynəlxalq aləmdə mövqeyini tamamilə dəyişdi. İlkin mərhələdə Azərbaycanın beynəlxalq müstəvidə təcrid vəziyyətindən çıxarılması, tarazlaşdırılmış xarici siyasət xəttinin yürüdülməsi, iqtisadi potensialın ölkənin xarici siyasət mövqelərinin gücləndirilməsinə yönəldilməsi, dünya azərbaycanlılarının təşkilatlanıb mütəşəkkil fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə regionun iqtisadi mərkəzinə çevrilməsi bu strategiyanın konseptual əsaslarını təşkil edirdi. Bu gün həmin siyasət kursu Ulu öndərin layiqli davamçısı, Partiyamızın Sədri, güclü Liderimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu güclənir, xarici dövlətlərlə münasibətlər əməkdaşlıq və səmimi dostluq prinsipləri əsasında qurulur. Azərbaycanın əməkdaşlıq etdiyi və dostluq prinsiplərinə uyğun olaraq əlaqəsi olan ölkələrdən biri Albaniyadır. Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 15 noyabr tarixində ilk dəfə Albaniyada rəsmi səfərdə olmuşdur. Dövlət başçısı səfər çərçivəsində Tiranada “Mother Albania” abidəsini ziyarət etdi. Prezidentlərin bəyanatla çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın humanizm və dürüstlük prinsipinə əsaslanan mövqeyini nümayiş etdirməklə, xüsusi məqamlara toxundu. 

Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və biz buna hazırıq. Bu gün bu məsələni və energetika sahəsi ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik. Geniş və məzmunlu çıxışa diqqət etsək aydın olacaq ki, Albaniya-Azərbaycan əlaqələrində yeni əməkdaşlıq və dostluq səhifəsi açılmışdır. Bu münasibətlərin yüksək səviyyədə qərarlaşması məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik və məqsədyönlü siyasəti hesabına həyata keçirilmişdir. Qürur hissi ilə söyləyə bilərik ki, Azərbaycan uğurlu daxili və xarici siyasət aparmaqla, bu gün beynəlxalq nüfuzunu gücləndirmiş ən güclü dövlətlərin sırasındadır.

Zülfiyyə Mahmudova,

YAP Yevlax rayon təşkilatının əməkdaşı