Qeyd etmək lazımdır ki, Azərbaycan və İsrail arasında möhkəm və etibarlı münasibətlərin əsası çox əsrlər əvvəl qoyulub, çünki əsrlər boyu Azərbaycan və yəhudi xalqlarını möhkəm dostluq bağlayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə verirlər. Cənab Preizdentin də dediyi kimi, “ Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”. İstər I, istərsə də II Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün xalqların nümayəndəsi bu ölkənin vətəndaşı kimi erməni işğalının qarşını almaq üçün mübarizə aparmış qazi və şəhid olmuşlar. Azərbaycanda doğulub boya-başa çatan və dünyanın müxtəlif ölkələrində, o cümlədən İsraildə yaşayan bütün yəhudilər iki ölkəni birləşdirən möhkəm körpüdür. Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli siyasi əlaqələri tamamilə yeni səviyyəyə çıxarmaqla yanaşı, digər sahələrdə də əməkdaşlığı gücləndirir.
İsraillə Azərbaycan arasında sıx dostluq münasibətləri regionda vəziyyətin sabitləşməsinə xidmət edir və heç bir ölkəyə qarşı yönəlməyən dostluq növüdür. Əksinə, iki ölkə arasında əməkdaşlıq müstəsna olaraq Azərbaycan və İsrail xalqlarının rifahı, inkişafı və rifahına yönəlib. İkitərəfli münasibətlərin inkişaf perspektivləri təsirli görünür. Çünki Azərbaycan-İsrail birliyinin məqsədi regionda sülh və sabitliyi təmin etmək, xalqların həyat keyfiyyətini yüksəltməkdir. İsrailin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi layihələrdə fəal iştirak edir. Azərbaycan İsrailin dəstəyini həm İkinci Qarabağ müharibəsi zamanı, həm də ondan sonrakı mərhələdə - işğaldan azad edilmiş ərazilərin bərpası dövründə hiss edir. Bundan əlavə, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın YAŞAT Fondu İsraildən oftalmoloqları dəvət etmiş, həkimlər mütəmadi olaraq xəstələri müşahidə etmişlər. Onlar əməliyyatlar aparıblar və əməliyyatdan sonrakı qayğıları tamamilə pulsuz həyata keçiriblər. İsrail həkimləri 150-dən çox azərbaycanlı müharibə veteranını əməliyyat ediblər.
Həm Azərbaycan Prezidentinin, həm də İsrail Prezidentinin yeni sahələrdə əməkdaşlığı genişləndirmək siyasətində çoxvektorlu yanaşma iki ölkə arasında münasibətlərdə mövcud olan tükənməz potensialdan xəbər verir. Belə sahələrdən biri də bərpa olunan enerji mənbələrindən istifadədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerjidən fəal istifadə etməyə başlamışdır. İsrail dövləti bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirmişdir.
İki ölkə arasında xüsusilə enerji və hərbi sənaye kompleksi sahələrində əlaqələr ildən-ilə möhkəmlənir. Bu gün turizmdə, mülki texnologiyalarda, mədəni əlaqələrdə də tərəqqi aydın görünür. İsrail investorlarının Azərbaycana marağı artır, azərbaycanlı investorlar isə İsrailə maraq göstərirlər. İki ölkənin biznes qurumları və şirkətləri arasında sürətlə inkişaf edən əlaqələri nümayiş etdirən iqtisadi qarşılıqlı fəaliyyətin yüksək göstəriciləri də az əhəmiyyət kəsb etmir. 2023-cü ilin yanvar-aprel ayları üzrə son məlumatlara görə, İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 33,5 faiz artım var. İnvestisiyalara gəlincə, yüksəliş də var: 2022-ci ilin iyulunda Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin aparıcı qlobal kraudfanding platforması olan OurCrowd şirkəti investisiya sazişi imzalamışdır.
Əməkdaşlığın əsas istiqamətləri enerji, ticarət, infrastruktur və yüksək texnologiyalardır. Azərbaycan İsrail üçün mühüm neft tədarükçüsüdür və bu ölkənin diversifikasiyasına və enerji təhlükəsizliyinə töhfə verir. İki il əvvəl Azərbaycan neftinin İsrailə tədarükdə payı təqribən 30%, keçən il təxminən 40% təşkil edir. Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Turizm, enerji, kənd təsərrüfatı, tibb, kibertəhlükəsizlik - bu, iki ölkə arasında əməkdaşlıq sahələrinin bütün siyahısı deyil. Ölkə başçısı İlham Əliyev gələcək əməkdaşlıq istiqamətlərini qeyd edərkən xüsusi ilə diqqəti kibertəhlükəsizlik və müdafiə sənayesi sahələrinə yönəltdi. Bildiyimiz kimi, İsrail kibertəhlükəsizlik,qida istehsalı texnologiyası və su təchizatı da daxil olmaqla bir çox sahələrdə yenilikçidir. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi dəməqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaqdır. Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq - indi Azərbaycanla İsrail arasında münasibətləri belə xarakterizə etmək olar. Hər iki ölkənin liderlərinin sayəsində indi bütün sahələrdə əlaqələr yüksək səviyyədədir. Rəsmi Təl-Əviv Azərbaycanı regionda özünün əsas strateji tərəfdaşlarından biri hesab edir. Xüsusilə qlobal dəyişikliklərin baş verdiyi bir vaxtda strateji tərəfdaşlıq İsrail üçün vacibdir.
Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova