Azərbaycan və Latviya qanunverici orqanlarının parlamentlərarası əlaqələr üzrə qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.
Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş “Müstəqilliyin bərpası günü” münasibətilə Milli Məclis üzvlərini təbrik edib. Azərbaycan və Latviyanın müstəqilliklərinin bərpası yolunda oxşarlıqlara diqqət çəkən Roman Naudinş cari ilin iyun ayında Azərbaycana səfərini yada salıb. O, Latviya Seyminin üzvləri ilə azad edilmiş Azərbaycan torpaqlarına səfəri zamanı Ermənistan işğalının acı nəticələrini əyani müşahidə etməklərindən danışıb.
Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov öz növbəsində qonaqları salamlayaraq Azərbaycanın müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti ilə qarşılaşmasından söz açıb. O, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Zəfərlə nəticələnən Vətən müharibəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması, azad edilmiş torpaqlarda ermənilər tərəfindən tamamilə dağıdılmış infrastrukturun yenidən qurulması barədə məlumat verib. Ərazi bütövlüyümüzü dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü ifadə edən Kamran Bayramov Azərbaycanın regionda kommunikasiyaların açılmasının, iqtisadi əməkdaşlığın və qalıcı sülhün tərəfdarı olduğunu bildirib.
Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fatma Yıldırım, Emin Hacıyev də Azərbaycanın ilk müstəqillik illərində üzləşdiyi böhranlardan, Ulu öndər Heydər Əliyevin dühası sayəsində bu böhranlardan çıxmasından, məhz o illərdə atılan addımların Azərbaycanın bugünkü nailiyyətlərinin əsasını təşkil etməsindən bəhs ediblər, bölgədə mövcud vəziyyət, azad olunmuş ərazilərin bərpası prosesi ilə bağlı qarşı tərəfə məlumat veriblər. Görüşdə iştirak edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov isə mövcud əməkdaşlıq münasibətlərinə, ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivlərinə nəzər salıb.
Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədr müavini Armands Krauze və qrupun digər üzvləri Vitali Orlov, Aleksandr Kirşteins çıxışlarında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətləri ilə bağlı fikirlərini səsləndiriblər.
Onlayn görüşdə Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova da iştirak edib.