“Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda atılan addımların uğurlu nəticələri göz önündədir. Azərbaycan 30 illik işğal dövründə dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç zaman ruhdan düşmədi, real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatını uğurla davam etdirərək ədalətin zəfər çalacağına inamını itirmədi. Tarix faktlara söykənir, saxtakarlığı sevmir. Baxmayaraq ki, ermənilər özlərinə saxta tarix yazıb illərdir dünyanı yalanlarına inandırmağa çalışdılar. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ədalətin və beynəlxalq hüququn mövcudluğunun təsdiqi və təqdimatı oldu. Artıq bu günümüzün əsas hədəflərindən biri Qərbi Azərbaycana qayıdışımızdır. Dövlətimizin başçısı İlham Əliyev iki il bundan öncə, 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu əminliyi ifadə etdi ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev həmin proqram xarakterli çıxışında Qərbi azərbaycanlıların qayıdışını şərtləndirən amillərlə yanaşı, hədəfləri də açıqladı. Bildirdi ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik. Bütün konvensiyalar bu hüququ tanıyır. Buna nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Təbliğat işləri aparılmalıdır. Qərbi Azərbaycanla bağlı beynəlxalq konfranslar keçirilməlidir. Bu mövzunun beynəlxalq gündəliyə salanması əsas hədəflərdən olmalıdır: “Cənab İlham Əliyev həmin görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu məqam xüsusi qeyd edildi ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq bu gün vaxt itirməməliyik. Azərbaycan xalqı öz keçmişini yaxşı bilir”.
Malik Həsənov vurğulayıb ki, artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib və uğurla icra edilir: “Birliyimiz, həmrəyliyimiz sayəsində necə Qarabağa və Şərqi Zəngəzura qayıdışımızı təmin ediriksə, Qərbi Azərbaycana da bu qayıdışımız reallığa çevriləcək. Azərbaycan qarşıya qoyduğu hədəfə doğru daim inamla addımlayır. Qərbi Azərbaycan İcması üzərinə düşən missiyanı uğurla yerinə yetirərək həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən addımları ilə diqqətdədir. Dekabrın 5-də öz işinə başlayaraq iki gün davam edəcək, 51 ölkədən 100-dən çox nümayəndənin qatıldığı “Qayıdış hüququ- Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans da bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına müraciətində də qeyd edildiyi kimi, müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr olunan, xalqımızın zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ, dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcək”.
Millət vəkili bildirib ki, cənab İlham Əliyevin sözügedən müraciətində bu çağırış xüsusi qeyd edilir ki, hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.
Tarixi faktlar bu reallıqlara işıq salır ki, Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşdi. Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarıldı. Xalqımız nə qədər böyük bəlalarla üzləşib. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, daha da gücləndi və nəticədə istədiyinə nail oldu. Bu gün azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdır, həyat yenidən canlanır. Bu torpaqlara səfər edən hər kəs erməni vəhşiliklərinin şahidinə çevrilir.
“Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Hazırda azad edilmiş torpaqlarımıza qayıdış bunun təsdiqidir. Doğma yurd-yuvasına qayıdan insanların böyük əksəriyyəti bu torpaqları heç vaxt görməyiblər. Amma torpaq həsrəti, Vətən sevgisi bu qayıdışı şərtləndirən əsas amillərdən biridir. Tezliklə Qərbi azərbaycanlılar da qayıdışın sevincini yaşayacaqlar. O gün uzaqda deyil”,-deyə Malik Həsənov vurğulayıb.