Prezident İlham Əliyev müxtəlif platformalarda çıxış edərkən yeni mərhələdə Azərbaycanın inkişaf prioritetlərini belə müəyyənləşdirib: “Süni intellekt…Biz hər zaman aparıcı xəttin, yəni, "mainstream"in arxasınca gedirik.. ".
Nəticədə ölkəmizdə "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib və Süni İntellekt strategiyası hazırlanıb.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə dövlət başçısının Süni intellektin tətbiqinin geniş vüsət almasını vurğulaması, Rəqəmsal İnkişaf Şurasını yaratması və strateji layihələrə bilavasaitə hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etməsi ölkəmizin nəinki regionda, o cümlədən, dünyadakı aparıcı trendlərə sürətlə çatmağa çalışdığını göstərir.
Dünyada aparıcı şirkətlərin 90%-i Süni İntellektdən istifadə edir, amma 67%-də proses hələ pilot mərhələsindədir. İndi dövlətimiz milli Data arxitekturasını formlaşdırmağa çalışır, alqoritmik müstəqilliyini təmin etməyə və rəqəmsal asılılığa düşməməyə çalışır.
Qlobal savaşların həm də süni zəka texnologiyaları ilə aparıldığını nəzərə alsaq, hərbi və milli təhlükəsizlik konsepsiyaları köklü dəyişikliyə uğraylb. Ona görə də rəqəmsal məkanda da “xüsusi təyinatlı” kadrlar yetişdirməklə müqəddəs Qələbəmizi, kibersuverenliyimizi və informasiya təhlükəsizliyimizi qoruya bilərik.
Süni Zəka sahəsində qabaqcıl dövlətlər hüquqi və qanunvericilik bazasını formalaşdırmaqda davam edirlər. Süni intellektin definisiyası, onun qanunsuz və cinayətkar məqsədlərlə istifadəsinə qarşı məsuliyyət tədbirləri, o cümlədən nişanlanma, yaxud etiketləmə tədbirləri geniş tətbiq olunur.
Milli Məclisin müzakirəsinə çıxarılan layihələr süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materiallarının hazırlanması və ya yayılması ilə bağlı ümumi prinsiplərin müəyyən edir, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Qanunlarına əlavə və dəyişikliklər təklif edilir. Hər iki qanunda, “şəxsin razılığı olmadan, onun görüntüsündən ve ya səsindən istifada etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış qeyri-əxlaqi foto, video va ya audio materialların yayılmasına” məhdudiyyətlər irəli sürülür.
Layihənin əsas məqsədi vətəndaşların hüquq və azadlıqların qorunmasına xidmət edir.
Hazırda dünyada deepfake texnologiyaları vasitəsilə insanların üzləri, səsləri və davranışları sürətlə köçürülür, klonlaşdırılır, nəticədə tamamilə saxta video və audio materiallar kütləvi hal alır. 2019-2025-ci illərdə internet, digər informasiya ehtiyatlarında deepfake videoların və kontentlərin sayı 900 faiz artıb.
Deepfake hücumlarının əsas qurbanları sosial media aktivləri- xüsusilə jurnalistlər, ictimai fəallar və tanınmış şəxslərdir. Materialların təxminən 96–98 faizi şəxsin razılığı olmadan qeyri-əxlaqi məzmundan ibarətdir və 79 faizində qurban qadınlardır. Siyasətçilər və dövlət adamları ilə bağlı deepfake məzmunlarında təxminən 76 faizi nüfuz itkisinə məruz qoymaq və antitəbliğat məqsədi daşıyır.
Deepfake kontentinin yayılması ən çox video və sosial media platformalarında müşahidə olunur: YouTube platformasında təxminən 30 faiz, Instagramda 26 faiz, Facebookda 19 faiz və Tik-Tok platformasında 18 faiz yaılır.
Sorğular göstərir ki, istifadəçilərin təxminən 49 faizi deepfake videolarla məhz YouTube platformasında qarşılaşdığını bildirir.
Xüsusilə, qlobal müharibələr fonunda son 20 gündə ölkəmiz əleyhinə koordinasiyalı informasiya kampaniyalarında süni zəka texnologiyalarından istifadə halları artıb.
Süni intellekt alətləri vasitəsilə bir dəqiqəlik deepfake video 25 dəqiqədən az müddətdə və demək olar ki, heç bir xərc olmadan hazırlana bilir.
Azərbaycan dövlətiinin Vətən müharibəsində Qələbəsini həzm etməyən qüvvələr, hərbi meydanda məğlub olan və ölkəmizin güclənməsinə qarşı olan dairələr, Türkiyə lideri Ərdoğanın coğrafi və Mavi Vətənlə bir tutduğu kibervətəndə fake və deepfake texnologiyaları vasitəsilə ölkəmizə qarşı hibrid savaş aparırlar.
Real olmayan audio, video və fotoların böyük əksəriyyəti xarici ölkələrdə hazırlanır və yayılır. Made in Azerbaycan, Azerfreedom, Azad söz və onlarla xain kanallar antimmili şər texnologiyalarıdır.
Azərbaycan məhkəmə orqanları haqlı olaraq, həmin diversiya platformaları haqqında müvafiq hökmlər çıxarıblar. Lakin terror transmilli xarakter daşıdığı kimi süni intellekt əsaslı belə beynəlxaq cinayətlərin də qarşısının alınması üçün dövlətlərarası əməkdaşlıq zəruridir.
Azərbaycan dövləti insanlara, dövlətlərə və cəmiyyətlərə qarşı çevrilən süni zəka məhsullarına sədd çəkmək üçün müvafiq beynəlxalq konvensiyaların hazırlanmasının təşəbbüsçüsü ola bilər.
Sonda bir daha qeyd edək ki, süni intellektlə bağlı ayrıca Məcəlləyə ehtiyac var. Avropa Birliyi model sənədlər hazırlayıb və risqləri dərəcələyib.
Layihədə göstərilən “real olmayan” ifadəsi “feyk” və “deepfeyk” termininin tam mənasını özündə ehtiva etdiyinə də diqqət etməliyik. Belə beynəlxalq terminlərinin hüquqi aktlarımıza gətirilməsi dilimizin təmizliyinə və suverenliiynə xələl gətirmir.
Layihənin gələcək hədəfi təkcə şəxslərə münasibətdə deyil, rəqəmsal məzmun saxtakarlığı ilə milli mənafelərə zərbə vuran, cəmiyyətlərdə və insanlarda qorxu, təşviş hissi yaradan məzmunlara da şamil olunmasını arzu edirik.
Bir daha xüsusi vurğulayırıq ki, hazırki layihə vətəndaş hüquqlarının qorunmasına xidmət edir, süni intellekt əsaslı və qanunla qadağan edilməyən bütün yaradıcılıq azadlığına qarşı məhdudiyyətlər qoyulmur.