Son illər ölkəmizin sürətli inkişaf yolunda irəliləməsi, qarşıya qoyulan mühüm layihələrin koronavirus pandemiyasının tüğyan etdiyi vaxtlarda da uğurla reallaşdırılması ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb. COVID–19-la mübarizəni beynəlxalq müstəviyə çıxaran, iki nüfuzlu təşkilatın videoformat şəklində bu mövzuya həsr olunmuş zirvə görüşlərinin və BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmuşdur.
Noyabrın 4-də Dövlət başçısının himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID–19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu işə başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Təşkil olunan beynəlxalq tədbirdə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın nüfuzlu qonağın iştirak etməsi ölkəmizə olan inam və etimadın göstəricisidir.
Bu il keçirilən forumda ölkəmizin qlobal miqyasda fəaliyyəti geniş müzakirə olunub. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.
Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir.
Azərbaycan pandemiyaya qarşı mübarizədə nümunəvi ölkələrdəndir. Cənab Prezident də çıxışında bu məsələni diqqətə çatdırmışdır. Cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır. Azərbaycanda daha çox iki peyvənddən istifadə olunur - “Sinovac” və “Pfizer”dən. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır.
Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır.
S.M.Əfəndiyev adına 2 saylı Şəhər Poliklinikasının baş həkimi,
tibb elimləri namizədi Aslanova Sevda Ridvan qızı