"Azərbaycana hücum edənlər həmişə peşman olublar"

Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Bu fikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürüldüyünü, dövlət qurumlarının nəzarətində olan media resurslarının Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün ölkəmizə qarşı çirkin şər-böhtan kampaniyası apardıqlarını xatırladan dövlətimizin başçısı deyib: “Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.

Naxçıvan Muxtar Respublikasının İran ərazisindən həyata keçirilmiş pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalması regionda təhlükəsizliyin daha da gərginləşməsinə, həmçinin beynəlxalq hüququn fundamental prinsiplərinin açıq şəkildə pozulmasına səbəbdir. Hadisə zamanı Naxçıvan Beynəlxalq Hava Limanının hədəfə alınması, eləcə də Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına dron düşməsi mülki infrastruktura və insanların təhlükəsizliyinə ciddi təhdid yaratmışdır. Hadisə nəticəsində iki mülki şəxslərin xəsarət alması hücumun qeyri-seçici xarakter daşıdığını bir daha sübut edir və hücumun məqsədli şəkildə mülki infrastrukturu hədəf aldığını açıq şəkildə göstərir.

Azərbacyan regionda sabitliyin və sülhün qorunmasının tərəfdarıdır və dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmasını, əlaqələrin inkişafını daim prioritet hesab edir və bu yöndə davamlı siyasət həyata keçirir. Bütün bunların fonunda ərazi bütövlüyünü və suverenliyimizə qarşı baş verə biləcək hər hansı təhlükəyə biganə qala bilmərik. Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu çirkin və qorxaq əməlinə görə peşman olacaq.

Cəbi Quliyev

VI caçağırış Milli Məclisin deputatı