Ali məktəblərin tərəqqisi ilə cəmiyyətin bütün sahələrində əsaslı irəliləyişlər paralel surətdə gedir. Yüksəkixtisaslı kadrların hazırlanması, bununla da davamlı inkişafa ciddi zəmin yaradılması üçün ən ümdə vəzifələrdən biri universitet təhsilinin keyfiyyət göstəricilərinin maksimum yaxşılaşdırılmasıdır. Ali təhsilin vəziyyəti və perspektivləri barədə qənaət bundan ibarətdir ki, insan cəmiyyətinin elitar təbəqəsinin formalaşmasında, onların daha sivil və kamil səviyyəyə çatmasında ali təhsilin, xüsusilə universitetlərin rolu əvəzsizdir.
Milli səviyyədə ali təhsilin inkişaf etdirilməsi üçün konkret hədəflər müəyyənləşdirilməlidir ki, tərəqqi prosesi kortəbii olmasın. Yəni, yaxın perspektivdə Azərbaycan təhsili qarşısında bir sıra vəzifələr durur ki, onların həyata keçirilməsi keyfiyyət dəyişikliklərinə real təkan verə bilər:
Birincisi, Azərbaycanda da tədqiqatlara və innovasiyalara ÜDM-dən ayrılmalar 3 faizə çatdırılmalıdır. Dünyanın bir sıra ölkələrində - məsələn, Belçikada, Avstriyada, Finlandiyada, Almaniyada, Danimarkada və digər mütərəqqi Avropa ölkələrində göstərici 3 faizdən yüksəkdir.
İkincisi, ümumtəhsil məktəbləri, bitirmiş məzunların ali məktəblərə qəbul olunması göstəricisi yetərincə yüksəldilməlidir. Hazırda bu Azərbaycanda zəruri problem kimi aktuallıq kəsb edir.
Üçüncüsü, xaricdə təhsil alan gənclərin sayı dəfələrlə artırılmasına çalışılmalıdır. Bununla, onların elmi-pedaqoji potensialından ölkəmizin təhsil sahəsindəki problemlərinin həllində istifadə etmək mümkündür. Bununla biz ölkəmizdə təhsilin köklü inkişafına nail ola bilərik.
Dördüncüsü, müəllimlərin peşəkarlığının artırılması üçün daha yeni elmi-metodiki proqramlar hazırlanmalı, həm də tezliklə reallaşdırılmalıdır. Müasir təhsil sisteminə yeni baxışlı, fəal/interaktiv təlimi tətbiq edə biləcək elmi-pedaqoji kadrların hazırlığına xüsusi diqqət yetirilməlidir.
Beşincisi, təhsil islahatının strateji əhəmiyyətli problemlərindən biri də magistratura və doktorantura pilləsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, onların sonrakı taleyinin aydınlaşdırılmasıdır. Qeyd etmək lazımdır ki, ali təhsilin ikinci pilləsini təşkil edən magistratura, onun məzmunu, forması, elmi tədqiqat işinin səviyyəsi hələ də tam aydın deyil. Bu sahəyə daha çox magistr diplomu həvəskarları meyil edirlər ki, bu da sonrakı təhsil pilləsində doktorant dərəcəli elmi-pedaqoji kadrların hazırlanmasına imkan yaratmır.
Ali məktəblər həm də elmi mərkəz statusuna malik olduğuna görə kafedraların tədqiqat mənbəyi kimi əhəmiyyəti böyükdür və bugün müasir təhsil metodları, fəal/interaktiv təlim üsulları onun funksiyasını bir qədər də artırır. Həmçinin, elmi-tədqiqat laboratoriyalarının və ayrı-ayrı bölmələrin aqibəti hələ də müəyyən edilməmişdir. Bu məsələnin necə həll edilməsindən asılı olmayaraq, hər bir ali məktəb təhsillə sintezdə olan elmi mərkəz funksiyasını da qoruyub saxlamalı, elmi-tədqiqat institutları arasında qırılmaz əlaqə yaradılmalıdir.
Aydındır ki, təhsil sahəsindəki problemlər irili-xırdalı mövcuddur. Lakin mövcud olan problemlər vaxtında həll edilməlidir ki, ali təhsil sferasında keyfiyyət göstəricilərinin sayı artsın, elmi sahədə ciddi nailiyyətlər əldə olunsun. Bununla da, ölkədə insan kapitalının formalaşdırılması prosesi davamlı xarakter alsın.
Nəzərə almaq lazımdır ki, qloballaşan dünyada və müasir cəmiyyətin bugünkü vəziyyətində onun ən qiymətli kapitalı məhz insanlar hesab edilir. O insanlar ki, yeni biliklərin əldə edilməsi mexanizmlərini mənimsəyir, həmçinin qeyri-standart situasiyalarda düzgün qərar çıxarmaq bacarığına malik olurlar. Müasir cəmiyyətdə güclü elmtutumlu istehsal sahələrinin yaranması nəticəsində qlobal ekoloji fəlakətlərin meydana çıxması, dünya miqyasında qarşısıalınmaz fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılması insanlardan yeni bilik və bacarıqlar tələb edir. Bu vəzifəni isə ali təhsil müəssisələri - universitetlər yerinə yetirməlidirlər. Digər tərəfdən hazırda cəmiyyətin inkişafı elə bir fazaya gəlib çıxmışdır ki, bu gün verilən təhsil bir çox hallarda qısa müddətdən sonra yeni bilik və bacarıqların, vərdişlərin qazanılmasına ehtiyac yaradır. Ona görə də artıq elm, təhsil cəmiyyəti fasiləsiz təhsil ideyasını qəbul etməkdədir. Bu səbəbdən də ali təhsil islahatları hər zaman dövlətin prioritet vəzifələrindən biri olmuşdur.
Dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemində ali təhsil xidmətləri göstərmək, eyni zamanda həmin ali məktəbin maliyyə imkanlarının genişlənməsinə səbəb olur. Yəni ali təhsilə daha çox tələbələrin cəlb olunması, ali təhsilin daha geniş formatda əlçatan olması məqsədəuyğundur və bu, ölkənin davamlı inkişafına hesablanır. Sadəcə, universitetlər daxildə təlim texnologiyalarını o qədər çevikləşdirməlidirlər ki, müxtəlif qabiliyyətə malik insanlara təhsilvermə imkanları olsun. Universitet təhsili yalnız tələbələrə deyil, eyni zamanda qısamüddətli təhsil proqramları üzrə təhsilvermə imkanlarına malik olmalı, təhsil proqramlarının qiymətləndirilməsində ödənişli xidmətlər göstərməli, istehsalat müəssisələri ilə birgə geniş spektrli konsaltinq xidmətləri təşkiletmə praktikasına yiyələnməli, səmərəli kitabxana-informasiya şəbəkəsinə malik olmalı, təhsil xidmətlərinin kommersiyalaşdırılması istiqamətində ciddi addımlar atmaq üçün dünya praktikası dərindən mənimsənilməlidir. Əlbəttə, bu işlərin həyata keçirilməsi üçün professor-müəllim heyətinin və digər personalın hazırlıq məsələləri daim diqqətdə saxlanılmalıdır.
Ali təhsildə digər ciddi çatışmazlıqlardan biri də bəzi tədris müəssisələrinin özünün ənənəvi profilinə uyğun olmayan, lakin cəmiyyətdə cəlbedici görünən ixtisasların hazırlanmasına cəhd göstərmələridir. Həmin proses keyfiyyətli kadr hazırlığına, universitetlərə inamı azaldır. Bu baxımdan ali məktəblərdə özünün kadr potensialına, maddi-texniki bazasına, təhsil ənənələrinə tamamilə uyğun olan mütəxəssislərin hazırlanması daha məqsədəuyğundur. Onlarda rentabelli təhsilin təmin olunması üçün tələbə sayının artırılması daha məqsədyönlü olardı, nəinki süni şəkildə ixtisas spektrinin genişləndirilməsi. Son illər bu istiqamətdə Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar təqdir olunmalıdır.
Əldə edilən ciddi uğurlarla yanaşı qeyd etmək lazımdır ki, ölkəmizin ali təhsil müəssisələrinin məzunlarının potensialı iqtisadiyyatın tələbatı ilə tam uzlaşmır. Bu, ondan irəli gəlir ki, tədris prosesində müasir texnologiyalar məhdud miqyasda tətbiq edilir, bəzi hallarda isə yaradılan sistemlərdən az istifadə olunur. Ali təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərə uyğun gəlmir. Ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın sürət dinamikasından geri qalır.
Hazırda respublikada təhsil və kadr hazırlığı prosesinə, həmçinin təhsilin məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox aşağı səviyyədədir. İşəgötürənlər kadr hazırlığı prosesində iştirak etmir və hazırlanan kadra dair şərtlər irəli sürmək imkanına malik deyillər.
İqtisadiyyatın modernləşdirilməsi zamanı ən ciddi problemlərdən biri də əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsindən ibarətdir. Bu baxımdan təhsil sferasında son onilliklərdə ali təhsilin məzmununda ciddi dəyişikliklərə ehtiyac yaranmış və bu proses indi də davam etməkdədir. Sürətli elmi-texniki inqilabın baş verdiyi bir dövrdə texniki sahədə biliklər, vərdişlər və səriştələr çox mobil şəkildə dəyişir, bu da öz növbəsində təhsil alanların və təhsil verənlərin yüksək kompetensiyalara malik olmalarını diktə edir. Bu baxımdan ali məktəblərin, o cümlədən texniki ali məktəblərin qarşısında ciddi vəzifələr durur. Xüsusilə sənayeləşmənin daha böyük vüsət aldığı bir zamanda, yüksək texnologiyaların yaradılmasına xüsusi maraq göstərildiyi bir dövrdə Azərbaycanda bu məsələnin həlli istiqamətində texniki ali məktəblərin üzərinə böyük missiya düşür.
Dünya miqyasında yüksək səviyyəli ali təhsil ölkələrin sabit iqtisadi inkişafını təmin edən, rəqabətədavamlı məhsulların istehsalını şərtləndirən amillər sayılır və ölkənin davamlı inkişafının hərəkətverici qüvvəsi hesab edilir. Ona görə də ali təhsil müəssisələri yalnız mütəxəssis hazırlığı ilə kifayətlənməməli, eyni zamanda elmi-innovativ fəaliyyət göstərən mərkəzlərə çevrilməli, elm, təhsil, istehsalat və biznes strukturlarının inteqrasiyasını təmin edən ideya generatorluğunu öz üzərinə götürməyə qadir olmalıdır. Bu ideyanın reallaşması və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlanması üçün istehsalat xidmət sahələri ilə sıx əlaqədə olmalı və onların problemlərinin həllini təmin etməlidir.
Universitetlərimizin perspektiv inkişafını təmin etmək, elm və istehsalatla inteqrasiyanı sürətləndirmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində islahatların daha səmərəli nəticə verməsinə bilavasitə öz müsbət təsirini göstərə bilər. Bunlar aşağıdakılardır:
- ali təhsil müəssisələri arasındakı fərqin aradan qaldırılması üçün mərkəzi universitetlərdə formalaşmış mütəxəssislərin regionlarda işə cəlb olunması və bunun üçün lazımi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
- təhsilin idarə olunmasının rasionallaşdırılması, maddi-texniki bazalardan səmərəli istifadə olunması məqsədilə ali məktəblərin nəzdində eyni profilli kolleclərin və peşə-ixtisas təhsili məktəblərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsi;
- kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal resurslardan istifadə məqsədilə müasir elmi ədəbiyyat və məcmuələrə çıxış üçün scoups və sciencedirect internet saytlarına daimi çıxışı olan kitabxana şəbəkəsinin yaradılması;
- təhsilin inkişafına nail olunması baxımından istehsalat, xidmət və digər özəl strukturlarla birlikdə müsabiqələr və layihələr həyata keçirmək məqsədilə hüquqi bazanın təkmilləşdirilməsi;
- xüsusi istedadlı təhsil alanların müəyyənləşdirilməsi üçün mütəmadi axtarış mexanizmlərinin tətbiq edilməsi və bununla insan kapitalının inkişafının və qorunmasının təmin olunması;
- istehsalatla bağlı olan müxtəlif istiqamətlər üzrə sənayenin inkişaf strategiyasına uyğun elmi-innovativ konsepsiyaların hazırlanması;
- təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin hüquqi bazasının yaradılmasının təmin edilməsi;
- istehsalatda tətbiq edilən müasir texnologiyaların tədris prosesində öyrədilməsi məqsədilə işçi tədris proqramlarında daim yeniliklər edilməsinin təmin olunması;
- elmi, elmi-texnoloji və innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi.
Müasir dövrdə universitetlərin davamlı inkişafını təmin edən ən vacib məsələlərdən biri də sabit maliyyə resurslarının yaradılmasıdır. Azərbaycanda ali məktəblərin əsas maliyyə mənbəyi faktiki olaraq tələbələrin təhsil ödənişlərindən ibarətdir. Universitetlərin inkişafının təmin olunması üçün onların innovativ fəaliyyəti stimullaşdırılmalıdır.
Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB-nin icra etdiyi “Ali təhsildə mövcud problemlərin həllinə yönələn tədqiqat işlərinin aparılması və tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.