Azərbaycanda hərbi cinayətlər azalıb

Bu ilin altı ayı ərzində qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 28,2, hərbi xidmət əleyhinə olan cinayətlər 25,2, qeyri-hərbi cinayətlər isə 31,2 faiz azalıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 75, özünü öldürmə həddinə çatdırma cinayətləri 80, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 3,2, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkət cinayətləri 23,2, hərbi xidmətdən yayınma cinayətləri 31,4, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 90,9, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 və rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri 58,6 faiz azalıb.