Azərbaycanda magistral su kəmərində qəza - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Bu barədə Sabahinfo.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

09:54

***

“Sözügedən Kür-Bakı magistral su kəməri sovet dövründə çəkilib. Artıq ikinci dəfədir həmin kəmərdə qəza baş verib”.

Sabahinfo.az xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı  açıqlamasında deyib. 

O bildirib ki, hadisə bu gün səhər saat 5-6 radələrində qeydə alınıb:

“Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub. Qurumun qəza xidmətinin əməkdaşları artıq əraziyə cəlb edilib. Su avtomobil yoluna deyil, yaxınlıqdakı dərəyə axır”.

***

Bakı-Ələt yolunun yaxınlığında magistral su xətti partlayıb.

Sabahinfo.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisindən keçən hissədə baş verib. 

İlkin məlumata görə, ərazidən keçən Kür-Bakı magistralı su xətti yenidən partlayıb. 

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə polis əməkdaşları gəliblər.

Qeyd edək ki, ötən ilin oktyabrında da həmin su kəmərində analoji hadisə baş vermişdi. Hadisə zamanı magistral yolu su basmışdı. /Oxu.az