Azərbaycanda partiyalılıq sistemi dəyişdirilir: Vitse-spiker məlumat verdi

“Azərbaycanda keçirilən islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq genişlənib və siyasi partiyalarla dialoq başlayıb”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisdə keçirilən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsində parlament sədrinin müavini Fəzail İbrahimli deyib.  

O bildirib ki, bu gün Azərbaycan dünya arenasında söz sahiblərindən birinə çevrilib. 

“Bütün bunlar “Siyasi partiyalar haqqında” qanuna yeni baxışın ortaya qoyulmasına da gətirib çıxarır. Çünki Azərbaycanın qanunvericilik sistemi bütövlükdə və sistemli şəkildə dəyişdirilir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müasir çağırışlara uyğunlaşdırılır”, - deyə o əlavə edib. 

Fəzail İbrahimli qeyd edib ki, yeni qanun layihəsi Venesiya Komissiyasının tövsiyələrinə söykənir. 

“Bundan başqa, biz Ekspert Komissiyası yaratdıq və onlar qanun layihəsinin hazırlanmasında böyük rol oynadı. Siyasi partiyalardan gələn təkliflərin də əhəmiyyəti oldu. Biz 47 partiyadan 250 təklif aldıq”, - deyə Fəzail İbrahimli söyləyib.