Azərbaycanda şəhid ailələrinə göstərilən fərqli münasibət

2020-ci ilin sentyabrında həyata keçirdiyimiz və Zəfərlə bitən 44 günlük Vərən müharibəsindən sonra dünya ölkələrinin, beynəlxal ictimaiyyətin bizə olan yanaşması köklü şəkildə dəyişdi, hörmətləri artdı. Ordumuz, şəhidlərimiz Azərbaycan xalqına onun milli qürurunu qaytardı, nüfuzunu yüksəltdi. İndi bütün dünyada bizim bir xalq olaraq alınımız açıq, üzümüz ağdır. Biz qürurlu xalq və güclü dövlət kimi qəbul edilirik. Bütün bunlara görə, Ali Baş Komandana, Ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. 
“Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək”.
Bu sözləri Prezident İlham Əliyev ötən il oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Azərbaycan əsgərinə, şəhidinə, onların ailələrinə, mühaibə veteranlarına ən böyük dəyəri məhz ölkə prezidenti cənab İlham Əliyev verib desək, yanılmarıq. Eyni zamanda Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və yaralı hərbçilərimiz üçün gördüyü işlər ölçüyəgəlməzdir. 
Şəhidlərimizin, qazilərimizin qanı, şəhid ailələrinin göz yaşları ilə suvarılmış bu torpaqlar bizə indi daha əzizdir, daha doğmadır. 
Prezident İlham Əliyevin şəhid ailələrilə görüşlərində çox vacib məqamlara toxunur, bəzi məsələlərə aydınlıq gətirir. O qeyd edib ki, Azərbaycanda şəhid ailələri və müharibə veteranları ilə bağlı aparılan sosial siyasət nümunəvi xarakter daşıyır. “Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”. 
Doğrudan da, Azərbaycanda şəhid ailələri və qazilərlə aparılan işlər, tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Heç bir ölkədə müharibədə həlak olan, yaralanan hərbçilərə, onların yaxınlarına Azərbaycandakı qədər diqqət göstərilmir. Məsələm, İkinci Qarabağ müharibəsində bizdən 2-3 dəfə çox itki vermis Ermənistanda şəhid ailələrinə nə mənzil verilib, nə də avtomobil. Ermənistanda şəhid ailələri, müharibə veteranları tez-tez aksiyalar keçirir, yürüşlər təşkil edirlər, dövlətin onlara olan münasibətinə kəskin etirazlarını bildirirlər. 
Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan insanlar dövlət qayğısı ilə əhatə olunurlar. .
Biz təkcə şəhid ailələri və yaralı hərbçilərimizin deyil, müharibə zamanı  evlərini, yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik, onlar üçün kəndlər, qəsəbələr, şəhərlər salırıq. Müharibə dövründə Ermənistan təkcə hərbçiləri deyil, dinc sakinləri, yaşayış məskənlərini də namərdcəsinə hədəfə alırdılar. Onlar hərbi cinayətlər törətdilər, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan, uzaqmənzilli ballistik raketlərdən istifadə etdilər. Nəticədə 44 günlük Vətən Müharibəsində 100-dən çox mülki şəxs həlak oldu və minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdıldı. Dövlətimiz dağıdılmış evlərin yerində daha müsir, yeni evləri inşa edib müharibədən zərərçəkən insanların ixtiyarına verdi. 
Müharibədə əlil olmuş şəxslərə dövlət qayğısı, diqqəti yüksək səviyyədə təşkil olunub. Qazilərimizin məşğulluq məsələləri həll olunur. Bu prosesdə   özəl sektor da fəal iştirak edir. Şəhid ailələrinin, yaralı hərbçilərimizin işğaldan azad olunmuş rayonlarımıza səfərləri təşkil olunur, onların övladları üçün yay düşərgələri keçirilir. Heç bir şəhid ailəsi, heç bir şəhid övladı diqqətdən kənarda qalmır və qalmamlıdır da. 
Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan dövləti, xalqı daim onların yanındadır. Bu sadəcə söz, şüar deyil, reallıqdır və konkret əməllərə söykənir. 

 

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur