Azərbaycanda yüksək vəzifəli şəxslər qəzaya düşdülər - YENİLƏNİB

“Azərişıq” ASC-nin əməkdaşları işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə yerində tanış olmaq üçün əraziyə gedən zaman qəzaya düşüblər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən Sabahinfo.az-a verilən açıqlamada bildirilib ki, qəzaya səbəb yoldan keçən avtomobillərdən birinin qurumun xidməti avtomobilinə çırpılması olub:

“Yoldan keçən başqa nəqliyyat vasitəsi idarəetməni itirib, qurumun xidməti maşınına çırpılıb. Nəticədə sürücü qəzadan yayınmağa çalışarkən yoldan çıxıb. Hadisə zamanı maşında 3 nəfər olub. Onlar yüngül xəsarət alıblar, vəziyyətləri yaxşıdır”.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Qəza nəticəsində xəsarət alan qurum rəsmiləri - “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir Almaszadə xəstəxanada ilkin həkim müayinəsindən sonra evə buraxılıblar. Müalicələrini evdə davam etdirirlər.

 

***

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki,“Unikal”ın əldə etdiyi məlumata görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəqliyyat vasitəsində olan şəxslər “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.