Məlumat üçün bildiririk ki, Milli QHT Forumunda “Azərbaycandan dünyaya iqlim diplomatiyası: COP29 Mirası” adlı tədbir keçirildi. Bu tədbirin məqsədi COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizə, davamlı inkişaf və ekoloji diplomatiya sahəsində Azərbaycanın töhfələrini müzakirə etmək, vətəndaş cəmiyyəti institutlarının rolunu gücləndirmək və beynəlxalq əməkdaşlığı təşviq etmək idi. Tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Tədbirdə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə, “Peşəkar Qənnadçılar” İctimai Birliyinin sədri Eynur Nağdəliyev, Sosial, İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri Rahilə Mehtiyeva iştirak edib.
Tədbirdə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxış edərək qeyd edib ki, “İqlim dəyişiklikləri qida təhlükəsizliyi üçün ciddi çağırışlar yaradır və bu istiqamətdə təcili tədbirlərin görülməsi vacibdir”.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev vurğulayıb ki, “Gənclərin ekoloji maarifləndirilməsi və COP29 çərçivəsində onların fəal iştirakı iqlim diplomatiyasının əsas komponentlərindəndir”.
“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə isə bildirib ki, “Azərbaycanın COP29-da ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal miqyasda mövqeyini daha da gücləndirəcək”.
“Peşəkar Qənnadçılar” İctimai Birliyinin sədri Eynur Nağdəliyev çıxışında “İstehlak vərdişlərinin ekoloji təsirlərinin azaldılması və dayanıqlı qida istehsalına keçidin vacibliyini” ön plana çəkib.
Sosial, İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri Rahilə Mehtiyeva isə “QHT-lərin ekoloji problemlərin həllində fəal rol almalı olduğunu və cəmiyyətin maarifləndirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini” diqqətə çatdırıb.
Sual-cavab sessiyasında iqlim dəyişikliyi və sosial məsuliyyət mövzularında aktiv müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib.