“Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər olub”.
Bu barədə “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat danışıb.
Onun sözlərinə görə, Bakıda təsis edilən “Qardaş köməyi” platformasının təşkilatçılığı ilə toplanan adyal, paltar və əsas quru ərzaq məhsulları ilə yüklənmiş onlarla maşın yoldadır.
“Yardım maşınlarımızın bir qismi artıq Türkiyənin Maraş, Adıyaman və digər bölgələrinə çatıb. Bu gün üçün dörd ərzaq maşınımız Kahtaya gəlib”, - deyə o bildirib.
TÜİB sədri Azərbaycan xalqının göndərdiyi bu yardımların AFAD koordinasiya mərkəzinə çatdığını, həmçinin bura gələn ərzaq məhsullarından hər gün 15 min insana isti yemək veriləcəyini deyib.
“Kahtada (Adıyaman) konteyner şəhəri yaratmaq planımız da var”, - deyə H.Büyükfırat əlavə edib.
Qeyd edək ki, Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticələrinin aradan qaldırılması məqsədilə Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), MÜSİAD Azərbaycan, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Gəncliyə Yardım Fondu (GYF), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), KOB Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB), Əczaçılar Klubu İctimai Birliyi, Müasir İnkişaf İctimai Birliyi, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin səlahiyyətliləri ilə birlikdə MÜSİAD Azərbaycan ofisində “Qardaş köməyi” platforması təsis edilib. Platforma zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Türkiyənin aidiyyəti dövlət qurumları, eyni zamanda Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə koordinasiyalı fəaliyyət həyata keçirir.