Azərbaycanı qüdrətli dövlət edən siyasət

Azərbaycanın son 20 illik tarixinin ən möhtəşəm uğurlarla zəngin olması xalqımızın qürur mənbəyidir. Təsadüfi deyil ki, hələ 2003-cü ildə bizim əsas tezislərimizdən biri Heydər Əliyev ideyalarının davamının vacibliyi idisə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlərin timsalında Ulu Öndərin ideyalarının real həyatda öz təsdiqini tapmasından iftixarla söz açırıq…

20 il dövlətin tarixi baxımından uzun dövr sayılmır. Amma bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların miqyası həm fiziki, həm mənəvi baxımdan 20 ilin orta statistik reallıqlarından olduqca böyükdür. Bu dövrdə Azərbaycan bütün inkişaf göstəricilərinə görə zamanı qabaqlayıb və təsadüfi deyil ki, indi biz tarixin ən qüdrətli Azərbaycanından bəhs edirik. İndi dünyanın hər yerində Azərbaycan deyəndə, güclü, qlobal səviyyədə nüfuz və söz sahibi olan, beynəlxalq münasibətlərdə ədalətsizliyin və hüquq prinsiplərinin tapdalandığı bir şəraitdə öz milli haqqını təmin etməyi bacaran dövlət göz önünə gəlir.

Bu uğurlarımızın hamısının müəllifi İlham Əliyevdir. Eyni zamanda Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində qlobal səviyyədə ölkəmizin etibarlı strateji tərəfdaş imici formalaşıb. Qürur hissi ilə deməliyik ki, İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən təşəbbüsləri beynəlxalq təşkilatların gündəliyinə daxil olunur. Azərbaycan Prezidentinin sayəsində multikulturalizm və mədəniyyətlərarası dialoq kimi məfhumların aktuallığı beynəlxalq münasibətlər sistemində öz yerini tutub. İlham Əliyev öz siyasi dühası ilə islam dünyasında müsəlman və türk dövlətləri arasında siyasi-iqtisadi inteqrasiyanın, əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə böyük töhfələr verir.

 2008-ci, 2013-cü və 2018-ci illərdə Azərbaycanda keçirilən prezident seçkilərində xalqımızın müdriklik nümayiş etdirərək İlham Əliyevə etimad göstərməsinin təməlində də ötən 20 ildə nail olduğumuz bu uğurlar və cənab İlham Əliyevin şəxsinə cəmiyyətimizdə olan yüksək ehtiram dayanır. 

Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edən, erməni separatizminin kökünü kəsən böyük sərkərdə, Müzəffər Ali Baş Komandandır. Vətən müharibəsindəki Zəfərin məntiqi davamı olaraq bu gün Prezident İlham Əliyev quruculuq əzmi ilə Qarabağ və Şərqi Zəngəzuru bərpa edir, azad edilmiş torpaqlarımızı sürətlə dirçəldir. Xalq olaraq, dövlət olaraq bizi başıuca, alnıaçıq edən cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.  

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində cəmiyyətimizi İlham Əliyev siyasi kursu ətrafında həmrəy edən də məhz bu uğurlardır.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 15-də keçirdiyi genişləndirilmiş iclasında partiyamızın Sədri möhtərəm İlham Əliyevin namizədliyini irəli sürüb. Ötən günlər ərzində Azərbaycan cəmiyyətinin seçkilərlə bağlı reaksiyası göstərir ki, YAP-ın cənab İlham Əliyevi növbədənkənar prezident seçkilərində namizəd irəli sürməsi yalnız partiyamızın 720 mindən artıq üzvü deyil, bütün xalqımız tərəfindən böyük razılıqla qarşılanır, təqdir edilir. Bu baxımdan YAP-ın qərarı belə bir həqiqəti ortaya qoyur ki, cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütün Azərbaycan xalqının arzuları ilə üst-üstə düşür. 

Böyük fəxarət hissi ilə deməliyik ki, qarşıdan gələn prezident seçkiləri müstəqillik tariximizdə Azərbaycan ərazilərinin tam azadlığı şəraitində keçiriləcək ilk seçki olacaq. İndi həm torpaqlarımız işğaldan azad edilib, həm də Qarabağda erməni separatizminə son qoyulub. Bu baxımdan prezident seçkiləri hər birimiz və bütövlükdə dövlətimiz üçün böyük mənəvi-siyasi əhəmiyyət daşıyır. Haqlı olaraq bu seçkini Zəfər seçkisi də adlandırırıq.

Ötən 20 ildə qazanılmış tarixi nailiyyətlər fonunda xalqımızın qarşıdan gələn seçkilərlə bağlı seçimini proqnozlaşdırmaq çətin deyil. Xalq ona inkişaf və yüksək sosial rifah gətirən, torpaqlarımızı işğaldan azad edən, Azərbaycanı qüdrətli dövlətə çevirən və gələcək inkişafının təminatçısı olan siyasətin davamına səs verəcək. 

Ad günü münasibətilə Prezident İlham Əliyevi bütün seçicilərimiz adından təbrik edir, Azərbaycanımızın yüksəlişi yolunda fəaliyyətində yeni uğurlar arzulayırıq.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı