Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dövlətçilik tariximizdə adı qızıl hərflərlə yazılan liderlərdəndir. Onun rəhbərliyi dövründə Azərbaycan böyük sınaqlardan çıxaraq yeni zirvələr fəth etmiş, regionda və dünyada nüfuzlu, söz sahibi olan dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin ad günü münasibətilə ölkəmizin inkişafında misilsiz rol oynayan fəaliyyət yoluna nəzər salmaq qürurvericidir.
Prezident İlham Əliyev 2003-cü ildən etibarən xalqın etimadı ilə ölkəyə rəhbərlik edir. Bu illər ərzində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın iqtisadi, siyasi və sosial baxımdan güclənməsini təmin etmişdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik kursunu uğurla davam etdirən Prezident İlham Əliyev onu müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək yeni mərhələyə yüksəltmişdir.
Son illərin ən möhtəşəm nailiyyəti, şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmiz öz torpaqları üzərində tam nəzarəti təmin etmişdir. Bu Zəfər Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, uzaqgörən strategiyasının və güclü ordunun formalaşdırılması istiqamətində apardığı ardıcıl siyasətin nəticəsi idi. Azərbaycan xalqı məhz onun rəhbərliyi altında 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu.
Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə müasir şəhər və kəndlər salınır, yollar, tunellər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar inşa olunur, hava limanları istifadəyə verilir. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə ailə doğma yurdlarına qovuşur. Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu proses Qarabağın dirçəlişini və bölgənin ölkənin ən inkişaf etmiş regionlarından birinə çevriləcəyini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan güclü iqtisadi inkişaf yolu keçmişdir. Neft və qaz gəlirlərinin düzgün idarə olunması, iqtisadiyyatın şaxələndirilməsi siyasəti ölkəmizi dayanıqlı inkişaf modelinə sahib dövlətə çevirmişdir. Qeyri-neft sektorunun inkişafı, sənaye parklarının yaradılması, kənd təsərrüfatına dəstək proqramları minlərlə yeni iş yerinin açılmasına, regionların tarazlı inkişafına şərait yaratmışdır. Əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə maaş və pensiyaların artırılması, sosial paketlərin genişləndirilməsi Prezidentin siyasətində insan amilinin əsas prioritet olduğunu göstərir.
Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən nəhəng layihələr – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi strateji xəttlər Azərbaycanı Avropanın etibarlı enerji tərəfdaşına çevirmişdir. Eyni zamanda, yaşıl enerji zonalarının yaradılması, bərpa olunan enerji layihələrinin icrası gələcəyə hesablanmış müdrik siyasətin göstəricisidir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuzlu mövqe qazanmışdır. Ölkəmiz müstəqil və balanslaşdırılmış siyasəti ilə seçilir, beynəlxalq təşkilatlarda fəal iştirak edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü təşəbbüslər, xüsusən pandemiya zamanı qlobal həmrəyliyə çağırışları ölkəmizin artan nüfuzunun bariz nümunəsi oldu. Bu gün Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas dayaqlarından biri kimi tanınır.
Hörmətli Prezident İlham Əliyev bu gün Azərbaycan xalqının birlik və qürur rəmzidir. Onun rəhbərliyi altında ölkəmiz güclü orduya, möhkəm iqtisadiyyata, artan beynəlxalq nüfuza və ən əsası, Zəfər ruhuna sahibdir. Xalqın Prezidentə olan inamı və dəstəyi həyata keçirilən siyasətin doğruluğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin ad günü münasibətilə ona möhkəm cansağlığı, uzun ömür və Vətənimizin tərəqqisi naminə məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, onun rəhbərliyi ilə Azərbaycan dövləti daha böyük nailiyyətlərə imza atacaq, parlaq gələcəyə doğru inamla irəliləyəcəkdir.
Əminə Ağazadə
Milli Məclisin deputatı