Azərbaycanın diplomatik təcrübəsi yeni körpülər qurmağı və nəticələr əldə etməyi şərtləndirir

“Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verdi. Bu müsahibə bir daha Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə, artan roluna işıq saldı. Xarici siyasətimizin prioritet istiqaməti kimi istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrdən, salınan yeni körpülərdən bəhs edən dövlətimizin başçısının əsas diqqət göstərdiyi məsələlərdən biri 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin  imzalanmasından sonra iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi oldu. Regionumuzda və bütövlükdə dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini önə çəkən cənab İlham Əliyev vurğuladı ki, bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Qeyd olunan Bəyannamənin imzalanması 30 ildən artıq bir müddətdə iki ölkənin birlikdə keçdiyi yolun nümayişidir. Belə bir sənədin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır. Nəzərə alsaq ki, Azərbaycan və Rusiya həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərdir və bir çox cəhətdən xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman belə bir sənəd tarixi hadisədir. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Bundan sonra da belə olacaq”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov müsahibədə əsas diqqət göstərilən məsələlərdən biri kimi sülh müqaviləsinin imzalanması prosesinin hansı səbəbdən uzanmasından bəhs edib: “Tarixi Zəfərimizdən sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Artıq 4 il keçib. Görünən budur ki, Ermənistanın 30 illik işğal dövründə olduğu kimi, hazırkı postmünaqişə mərhələsində də havadarlarından asılılığı, onların göstərişlərinə, ən əsası ssenarilərinə uyğun hərəkət etməsi sülh müqaviləsinin imzalanması prosesini uzadır. Tarixi Zəfərimizdən bugünədək  hadisələrə diqqət yetirsək Ermənistanın  açıq-aşkar silahlandırıldığının şahidi olarıq. Bu addımların arxasında hansı maraqların dayandığı aydındır. Cənab İlham Əliyev sözügedən müsahibədə bu məqama diqqəti yönəltdi ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə edilib. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Razılaşdırılmamış iki şərt də Ermənistan tərəfindən qəbul oluna bilər.

Şərtlərdən biri Ermənistanın Konstitusiyasını dəyişməsidir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. İkinci şərt ATƏT-in Minsk qrupunun ləğvidir. ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir. Lakin formal olaraq mövcuddur. Reallıq budur ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, artıq bu quruma ehtiyac yoxdur.  Azərbaycan dövləti hələ 30 illik işğal dövründə ən yüksək tribunalardan Minsk qrupunun fəaliyyətsizliyini bəyan etdi. Vasitəçi neytral olmalıdır. Lakin qurumun 28 illik fəaliyyəti dövründə görünən bu oldu ki, Ermənistana açıq-aşkar dəstək var, danışıqların sadəcə danışıq xatirinə aparılması əsas məqsəddir. İşğalçı adı ilə çağrılmadı, amma məsələnin sülh danışıqları əsasında nizamlanacağına inam yaradılmasına cəhdlər edildi. Tarixi Zəfərimizdən bu günədək Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmadığını bildirdiyi halda, Ermənistan qurumun canlandırılmasının vacibliyindən bəhs edir. Cənab İlham Əliyev müsahibədə bu çağırışı etdi ki, Ermənistan ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Millət vəkili Ermənistanın silahlandırılmasının davamlı xarakter aldığını bildirib: “Müsahibədə Fransanın, Hindistanın və ABŞ-ın Ermənistanı silahlandırmasından danışan cənab İlham Əliyev qeyd etdi ki, Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər. ABŞ isə bunu etiraf etmir. Dövlətimizin başçısı Ermənistana və onun havadarlarına bu mesajı çatdırdı ki, Ermənistanın silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanla  silah yarışında tab gətirməyəcək. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Bu, belə davam edərsə, sonradan Azərbaycana qarşı heç bir irad tutulmasın”.

“Azərbaycan müstəqil xarici siyasət yürüdür. Atdığı hər bir addımda xarici siyasətinin prinsiplərinin dəyişməz olduğunu təsdiqləyir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ölkəmizin beynəlxalq aləmdə rolunun daha da artması diqqətdən kənarda qalmır. Cənab İlham Əliyev  müsahibədə bu reallığı bir daha vurğuladı ki, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə müstəqil siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindən olan COP29 tədbirinin nəticələri müsahibədə əsas diqqət yönəldilən məsələlər sırasında oldu. Cənab İlham Əliyev bu tədbirin hansı səbəbdən “Bakı dönüşü” adlandırıldığını əsaslı şəkildə qeyd etdi. Azərbaycanın diplomatik təcrübəsi yeni körpülər qurmağa və nəticələr əldə etməyə kömək edir. COP29-da 197 ölkənin, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 min iştirakçının təmsil olunması Azərbaycanın təqdimatı idi”,-deyə Malik Həsənov vurğulayıb.