Yüksəksəviyyəli təmsilçilik Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin dəyişməz göstəricisidir. 27 ölkənin, 11 beynəlxalq təşkilat və maliyyə institutunun, 49 enerji şirkətinin iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları da istisna təşkil etmədi.
Nüfuzlu təmsilçilik təkcə reputasiya göstəricisi deyil, bu həm də etibarlı tərəfdaş kimi Azərbaycana bəslənilən beynəlxalq etimadın ifadəsidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir. Toplantıların davamlı xarakter alması göstərir ki, enerji təhlükəsizliyi sahəsində ölkəmizlə əməkdaşlıq aktuallığını nəinki itirmir, əksinə, onun dərinləşdirilməsinə bu gün daha çox ehtiyac duyulur. Xüsusilə nəzərə alsaq ki, müasir dövrün geosiyasi oyunlarında təbii enerji resursları təzyiq alətinə çevrilir və bəziləri onlardan başqalarına qarşı faktiki silah kimi istifadə edir, belə bir vəziyyətdə enerji təhlükəsizliyi əksər ölkələr üçün suveren mövcudluğun qorunması qədər əhəmiyyət kəsb edir. Buna bölgəmizdə iki dövlətin-Rusiya və İranın müharibə vəziyyətində olduğunu, qazıntı yanacağı ilə zəngin olan hər iki qonşumuza qarşı genişmiqyaslı iqtisadi sanksiyaların tətbiq edildiyini əlavə etsək, vəziyyətin nə qədər mürəkkəb olduğunu aydın şəkildə görə bilərik. Martın 3-də Bakıda keçirilən Məşvərət Şurasında Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin səsləndirdiyi bu bəyanat yaranmış vəziyyətdə Avropanın Azərbaycanla əməkdaşlığa nə qədər əhəmiyyət verdiyini tam dolğunluğu ilə əks etdirir: “Rusiyadan gələn enerjini əvəz etmək üçün biz ən etibarlı və inanılan tərəfdaşlarımıza üz tutduq və Azərbaycan onların arasında əsas götürüldü”.
Müasir dünyada geosiyasi qarşıdurmaların kəskinləşməsinin əsas səbəblərindən biri də beynəlxalq təşkilatların zəifliyi və bəzilərinin əvvəlki siyasi nüfuzunu qoruyub saxlaya bilməməsi ilə bağlıdır. Təəssüf ki, son illər beynəlxalq maliyyə institutları da böyük dövlətlərdən daha çox asılı vəziyyətə düşür. Məhz bu səbəbdən, bir sıra hallarda onların fəaliyyətində beynəlxalq hüquq və iqtisadi maraqlar əvəzinə, böyük güclərin siyasi qərarları üstün tutulur. Vaxtilə Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm geoiqtisadi layihənin maliyyələşdirilməsindən imtina olunmasının arxasında da bəzi aktorların həmin təşkilatlara siyasi təzyiqi dayanırdı.
Belə yanaşmanın nə qədər yanlış və ziyanlı olduğu zaman ötdükcə daha çox anlaşılır. Dünyada, xüsusilə bölgəmizdə cərəyan edən hadisələr göstərir ki, konstruktiv müzakirələrdən və diplomatiyadan imtina qarşıdurmaların böyüməsinə və ən təhlükəlisi, müharibələrə gətirib çıxarır. Məşvərət Şurasının toplantısında çıxış edən Prezident İlham Əliyevin bu bəyanatı yaranmış mürəkkəb vəziyyətdən çıxış yolunu göstərən Azərbaycan vizyonudur: ”Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə-məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq”.
Cənab Prezidentin bu mesajında “birgə” və “müzakirə” ifadələri açar sözlərdir. Azərbaycan Prezidenti bununla nüfuzlu auditoriyaya o mesajı verdi ki, yalnız konstruktiv müzakirələr, ortaq maraqların tapılması və qarşılıqlı etimad mühiti geosiyasi gərginliyi yumşalda bilər. Bu, enerji sektoru ilə yanaşı, digər sahələrə də aiddir. İstehsalçı, tranzit və istehlakçı ölkələr arasında ortaq məxrəcin tapılması bütün iştirakçıların marağında olmalıdır. Yalnız belə yanaşma uğurlu həll yolunun tapılmasına və enerji təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına kömək edə bilər. Prezident İlham Əliyevin növbəti açıqlaması həm də bu baxımdan olduqca əhəmiyyətlidir: “Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir”.
Uğurların miqyasını və müsbət dinamikanı görmək üçün rəqəmlərə baxmaq kifayətdir. Azərbaycan bir il əvvəl 12 ölkəyə qaz tədarük edirdisə, hazırda onların sayı 16-ya çatıb. Bu dövlətlərdən 10-u Avropa İttifaqının üzvüdür və artıq Almaniya, Avstriya kimi ölkələr də Azərbaycan qazını idxal edir. Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi dövlətlərin sayına görə dünyada birinci yerdədir. İstehlakçı ölkələr enerji təhcizatını şaxələndirməkdə nə qədər maraqlıdırsa, istehsalçı ölkələr də ixrac coğrafiyasının genişlənməsində bir o qədər maraqlıdır. Azərbaycan Avropa ilə yanaşı, artıq Suriyaya-Yaxın Şərqə də 1,5 milyard kubmetr həcmində qaz ixrac edir. Bununla həm Suriyanın enerji təhlükəsizliyinə töhfə verir, həm də uzun illər vətəndaş müharibəsindən əziyyət çəkmiş bir xalqın dinc həyata qayıdışının təmin olunmasında iştirak edir.
Ölkəmizin enerji siyasətinin uğurlu nəticələrinin miqyasını təsəvvür etmək üçün təkcə bu faktı bilmək kifayətdir. Azərbaycan bu gün Egey və Aralıq dənizi sahillərində, Türkiyə və İtaliyada ümumi potensialı 22 milyon ton olan neftayırma müəssisələrinə sahibdir. Eyni zamanda, Azərbaycan etibarlı tranzit ölkəsi kimi Qazaxıstan və Türkmənistan neftinin nəqlini də təmin edir və onun həcmi ilbəil artır. Xəzər dənizinin dibi ilə Mərkəzi Asiyadan Azərbaycana, Qara dənizin dibi ilə Azərbaycandan Avropaya enerji kabellərinin çəkilişi ilə bağlı imzalanmış müqavilələr ölkəmizi Avrasiya məkanının strateji mərkəzinə çevirir və bu, məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
Müstəqil Azərbaycanın inşa etdiyi yeni reallıq heç də hamını məmnun etmir, bəzilərində qıcıq yaradır, bəziləri isə etirazını hibrid hücumları vasitəsilə büruzə verir. COP29 ərəfəsində ölkəmizə və şəxsən Azərbaycan Prezidentinə qarşı aparılan çirkin qarayaxma kampaniyasının səbəblərindən biri də elə bununla-Azərbaycanın Avrasiya məkanında güclənən rolu və strateji vizyonu ilə bağlı idi. O vaxt dezinformasiya kampaniyasını müxtəlif bəhanələrlə, o cümlədən ekoloji çağırışlarla nə qədər pərdələməyə çalışsalar da, əslində, çirkin oyunbazlığın arxasında yeni reallığa etiraz cəhdi dayanırdı. Siyasi manipulyasiya cəhdləri və hibrid hücumlar bu gün də davam edir. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, o zaman verdiyi mesajı Məşvərət Şurasının toplantısında yenidən təkrar etdi: “Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız. Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq”.
Müstəqil Azərbaycanın enerji siyasəti qazıntı yanacağı ilə bərpaolunan enerji mənbələrinin vəhdətinin təmin olunmasına əsaslanır. Artıq istismara verilən 230 və 240 meqavat gücündə günəş və külək elektrik stansiyaları, inşa olunmuş 307 MVt gücündə hidroelektrik stansiyaları dövlət siyasətinin məqsədyönlü nəticəsidir. Mərkəzi Asiyadan Avropaya enerji kabellərinin çəkilişi ilə bağlı meqalayihələr də həmin siyasətin tərkib hissəsidir. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 qiqavat gücündə elektrik enerjisinin alınmasını nəzərdə tutan plan və imzalanmış layihələr də praqmatik dövlət siyasətinin prioritet hədəflərini əks etdirir. Nəticə etibarilə bütün bunlar enerji sektoru kimi strateji sahədə ölkəmizin mövqeyinin və etibarlı tərəfdaş statusunun güclənməsinə xidmət edir.
Azərbaycan həm istehsalçı, həm də tranzit ölkə kimi yeni geoiqtisadi reallığı inşa edir və bütün aktorlara, o cümlədən qonşu ölkələrə bu mesajı verir ki, dinc birgəyaşayışın yolu qarşılıqlı faydalılıq prinsipinə söykənən iqtisadi əməkdaşlıqdan keçir. Prezident İlham Əliyev ölkəmizin enerji strategiyasından əndişələnən və hədəflərimizə mane olmağa çalışan məlum dairələrə kifayət qədər birmənalı bu mesajı verdi: “Dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür... Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır”.
Vaxtilə Zəngəzur dəhlizinə qarşı çıxan dairələr onu da bilməlidirlər ki, TRIPP layihəsi ilə bağlı strateji baxış, siyasi iradə və imzalanmış müqavilələr də artıq reallıqdır. Kimlərinsə bəyənib-bəyənməməsindən, pərdə arxasında məkrli planlar qurmasından asılı olmayaraq, Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində və Orta Dəhlizdə malik olduğu təbii coğrafi üstünlüyün özü də danılmaz faktdır və yalnız səmimi əməkdaşlıq bu coğrafiyanı bütün aktorlar üçün faydalı və cəlbedici məkana çevirə bilər. Çünki təhlükəsiz dünya modelinin yolu da məhz belə əməkdaşlıq formatından keçir.
Ülvi Quliyev
Milli Məclisin deputatı