Azərbaycanın erməni faşizmi üzərində qələbəsi tərəqqipərvər dünya ictimaiyyətini sevindirir

2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə Zəfər çaldı, ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Qanı, canı bahasına Vətəninin azadlığı uğrunda canından keçən oğullarımız Şəhidlik zirvəsinə ucalaraq torpağı Vətən etdilər.
Azərbaycan xalqı başına gələn bütün müsibətlərə səbrlə yanaşaraq münaqişənin sülh yolu ilə həll olunacağı, regionda sülhün, sabitliyin bərqərar olacağı, haqqın, ədalətin  zəfər çalacağı günü səbirsizliklə gözləmişdi. Lakin heç bir  aparıcı  beynəlxalq təşkilatlara, beynəlxalq vasitəçilərə məhəl qoymayan, atəşkəs rejimini dəfələrlə kobudcasına pozan, Azərbaycanın əzəli, əbədi torpaqlarını öz adlarına çıxan  mənfur ermənilərin  cavabını vermək zamanı artıq  gəlib çatmışdı.  Dəfələrlə “əgər bu məsələ  sülh yolu ilə  öz həllini  tapmasa, biz  bu məsələni  hərbi yolla həll edəcəyik”, - deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 2020-ci ilin sentyabr ayının 27-də  əks hücum  əməliyyatlarına başladı. Həmin gün Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan  azadlıq istəyinin  dünyaya bəyan edildiyi gün  idi. Bu tarixi gün  xalqımızı daha sıx birləşdirdi, mübarizə ruhumuzu daha da yüksəltdi. Azadlığı qanı ilə, canı bahasına qazanan mərd, qəhrəman oğul və qızlarımız sübut etdilər ki, Azərbaycan xalqının inam və iradəsini, azadlıq uğrunda  mübarizə əzmini qırmaq, milli mənliyini alçatmaq mümkün deyil. Şanlı  Azərbaycan Ordusu  44 gün ərzində  böyük şücaət göstərərək  30 ilə yaxın müddətdə  işğal altında olan torpaqlarımızı  düşmən əsarətindən qurtardı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin  böyük bacarıq və qətiyyətlə  rəhbərlik etdiyi  Vətən müharibəsi  zəfərlə, xalqımızın Böyük Qələbəsi ilə başa çatdı.
Gerçəkdən də şəhidi olmayan  xalq torpaq məhəbbətindən, yurd sevgisindən  məhrum xalqdır. Bir qarış torpaq uğrunda gözünü qırpmadan canından keçən  minlərlə igid, qəhrəman oğullarımızın rəşadəti sayəsində Vətənimizin başı üzərindən qara buludlar dağıldı. Şəhidlərimizin qanı tökülən hər qarış torpaq  Vətənə döndü. Azərbaycan xalqının  birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, dəmir yumruq kimi  möhkəm  xalq-iqtidar birliyi  qəhrəman Azərbaycan Ordusunun zəfəri oldu. Möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa  malik, qətiyyətli lider kimi  hərb işinə də böyük bacarıqla  rəhbərlik edən  ölkə başçımız, eyni zamanda informasiya  müharibəsində də sarsılmaz  iradə göstərib  xarici ölkələrin televiziya kanallarına, xəbər agentliklərinə dərin məzmunlu müsahibələr verərək  Azərbaycan xalqının sülhsevər, sülhməramlı olduğunu bütün dünyaya bəyan etdi.
Budur, artıq Qələbəmizin 1 ilinin tamam olmasını təkcə Azərbaycan və dost ölkələr deyil, dünyanın faşizmdən zaval görmüş bir çox ölkələrində də qeyd edirlər. Buradan bəlli olur ki, biz Vətən müharibəsində qalib gəlməklə, yalnız öz torpaqlarımızı işğaldan azad etməmişik, həm də erməni faşizminə qalib gəlməklə bütün tərəqqipərvər dünya ictimaiyyətini sevindirmişik.  
“İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, hansı bəlaya qarşı biz mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb” - bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib. “Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər daha da dolğun şəkildə dərk ediləcək dünya tərəfindən. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq. – dövlət başçısı vurğulayıb. 
Nə qədər ki, qüdrətli Azərbaycan var, nə qədər ki düşməni lərzəyə salan Dəmir Yumruq, qüdrətli Azərbaycan ordusu var, ölkəmiz və xalqımız daim sevinc, fərəh içərisində olacaq və bunu bütün dünya görməkdədir. 

Əliabbas Salahzadə
millət vəkili