Azərbaycanın idman siyasəti davamlı olaraq zirvələri fəth edir

Bu günlərdə dünya ictimaiyyəti, xüsusilə idmançıların, idman mütəxəssislərinin, qlobal idman federasiyaları, beynəlxalq təşkilatlar, bütövlükdə idmanı sevən hər kəsin diqqəti Fransanın paytaxtı Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarına yönəlmişdi.

Beynəlxalq idman bayramı hesab olunan, çoxəsrlik şanlı tarixə malik Olimpiya Oyunları öz möhtəşəmliyi, həyəcanı ilə hər zaman sülh və dostluq rəmzi olaraq insanların qəlbində dərin iz buraxıb.

Azərbaycanda da olimpiya hərəkatı çətin və şərəfli inkişaf yolu keçib. Ölkəmizdə Milli Olimpiya Komitəsinin 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, yalnız 1997-ci ildən etibarən bu sahədə əhəmiyyətli inkişafa nail olundu. Belə ki, həmin il Azərbaycanda Milli Olimpiya Komitəsinin yenidən təşkil olunması, İlham Əliyevin yekdilliklə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycanın idman siyasətinin və Olimpiya hərəkatının yeni müstəvidə müstəqil inkişafında mühüm rol oynadı. O zaman məhz İlham Əliyev idmanın və Olimpiya hərəkatının inkişafına yönəlik təşəbbüsləri ilə ölkənin beynəlxalq idman arenasında daha da tanınmasına və uğurlar əldə etməsinə əhəmiyyətli töhfələr verdi.

Ümumiyyətlə, Azərbaycanın ilk dəfə 1998-ci ildə Yaponiyada keçirilən Qış Olimpiya oyunlarında təmsil olunsa da, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya oyunları ölkəmizin olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. O zaman Ulu Öndər Heydər Əliyevin Sidney Olimpiya Oyunlarına Azərbaycan idmançılarını şəxsən yola salarkən göstərdiyi diqqət və dəstək, idmanın inkişafı üçün yeni bir dövrün başlanğıcını qoydu. Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu.

Ümummilli Liderin rəhbərliyi ilə dövlət idman siyasəti yeni bir mərhələyə yüksəldi, gənclərə vətənpərvərlik və sevgi hisslərini aşılanması ilə yanaşı, idmanın hərtərəfli inkişafına şərait yaradıldı. Bu yanaşma idmançılarımızın beynəlxalq arenada daha yüksək nəticələr əldə etməsinə və Azərbaycan idmanının beynəlxalq səviyyədə tanınmasına xüsusi təkan verdi.

Bu il isə Azərbaycan Olimpiya Oyunları tarixində yeni bir uğura imza atdı. 26 iyul-11 avqust 2024-cü il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında dünyanın ən güclü 30 ölkəsinin arasında yer alaraq, ölkəmiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandı. Bu göstərici ilə Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 müsəlman ölkəsi arasında üçüncü yerdə qərarlaşdı.
Xüsusilə, idmançılarımızın bir neçə idman növlərində medal qazanması ölkəmizdə idmanın hər bir sahəsinə göstərilən diqqət və qayğının bariz göstəricisidir. Cari ilin 14 avqust tarixində Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir.”

Beləliklə, idmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, Bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, Vətənə və Azərbaycan Bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır.


Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı