Repressiyanın bədii təsvirinin sözlə rəsmini çəkən tədqiqatçı alim, tarix elmləri namizədi Məcid Katibli yazırdı: “1937-ci il idi. Hər gün ağlasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılırdı. Adamların qəlbində daş kimi nisgil asılmışdı. Onlar bir-biriləri ilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan çəkinir, gözə görünməməyə çalışırdılar. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu “xalq düşməni” elan olunmasın”.
Tarixin müxtəlif dönəmlərində o cümlədən XX əsrdə Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib. Repressiya və terror aktlarına daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb. Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.
Azərbaycanın ilk dissidentlərindən biri olan Gülhüseyn Hüseynoğlunu bugünkü anım günündə ehtiramla xatırlayaq.
BDU-da mənim müəllim olan Gülhüseyn Hüseynoğlu yaddaşımızda ləyaqətli insan kimi qalıb. Ədəbiyyat tarixində özünəməxsus həyat və yaradıcılıq kredosu ilə qalan Gülhüseyn müəllim 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində doğulub. Antisovet İldırım təşkilatı – 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuşdu. Məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Təşkilatda daxilində yeganə yazıçı olan Gülhüseyn Hüseynoğlu xalq içində təbliğat işi aparmalı idi. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər. G. Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır.
1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu, daha sonra G. Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarı ilə onlardan üçünə (İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov) güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir.
Digərləri isə 10 il həbs cəzasına məhkum edilirlər. Gülhüseyn Hüseynoğlu həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar evlərinə qayıdırlar.
İlk dissidentlərindən biri olan Gülhüseyn Hüseynoğlu ilə BDU-da təhsil aldığım dövrdə bu mövzularla bağlı söhbət etməyə cəhd göstərsəm də Gülhüseyn müəllim bu barədə heç bir şey danışmayacağını bildirmişdi. Hətta tanınmış tədqiqatçı Aslan Kənan da qeyd edirdi ki, mən dəfələrlə Gülhüseyn müəllimlə görüşüb repressiya tarixini, bəzi gizli məqamları öyrənməyə cəhd etdim. Hətta bir dəfə kiçik diktafon tapdım. İstəyirdim onunla səmimi söhbət edim, bütün bildiklərini gizli də olsa diktafona yazım. Azərbaycan Milli Elmlər Akademiyasının qabağındakı parkda görüşdük. Sanki Gülhüseyn müəllim hiss etmişdi. Mən onu çox söhbətə tutdum ki, bizim bilmədiklərimizi danışsın. O, qəti şəkildə repressiya ilə bağlı heç bir şey danışmayacağını bildirdi. Elə bil onda sovet KQB-sinin, o dövrün qorxusu, xofu vardı. Əlqərəz Gülhüseyn Hüseynoğlu bir çox sirləri özü ilə qəbirə apardı.
Məqsədimiz, məramımız topladığımız yazılar əsasında Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində "Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə" kitabını çap etdirməkdir. Dəstəyə görə hər kəsə təşəkkürlər!
Əkrəm Bəydəmirli