Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən zamanın və ölkəmizin inkişafının yeni tələblərinə və hədəflərinə uyğun yeni elementlərlə zənginləşdirilərək davam etdirilməkdədir. 2003-2018-ci illərdə Azərbaycanda bütün istiqamətlərdə dinamik inkişaf müşahidə olunub. Xüsusilə də ölkə regionlarının siması tamamilə dəyişib. Ölkəmiz Prezident İlham Əliyevin strateji baxışları, siyasi iradəsi sayəsində dünya əhəmiyyətli layihələrin təşəbbüskarı və əsas iştirakçısı rolunda çıxış edib. Azərbaycanın reallaşmasına mühüm töhfələr verdiyi Cənub Qaz Dəhlizi layihəsi sonrakı mərhələdə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ölkəmizin həlledici rolunu təyin etdi. Bütün bunlarla yanaşı, qarşıda həlli vacib məsələlər qalmaqda idi. Başlıca olaraq, Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün ölkənin bütün istiqamətlərdə gücləndirilməsi və islahatların həyata keçirilməsinə ehtiyac vardı. Əsasən də çevik idarəetmənin formalaşdırılması qarşıdakı hədəflərə daha optimal nail olunmasının ilkin şərtlərindən idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev öz fəaliyyətlərində, atdıqları addımlarda hər zaman xalqa arxalanıblar. Taleyüklü məsələlərin həlli istiqamətində atılacaq növbəti mühüm addımlar xalqın Prezidentə yaxından dəstəyini tələb edirdi. Növbəti mərhələdə də xalqın dəstəyinin təsdiqi baxımından növbədənkənar prezident seçkiləri indikator rolunu oynadı. 2018-ci il aprelində keçirilən növbədənkənar seçkilərdə Azərbaycan xalqı bir daha öz Liderinə yüksək inam və etimadını ifadə etdi. Seçicilərin 86,02 faizinin səsini qazanan dövlətimizin başçısı İlham Əliyev növbəti dəfə Prezident seçildi. Səsvermə hüququna malik əhalinin 74,3 faizinin səsvermədə iştirakı xalqın Prezident İlham Əliyevi yekdilliklə dəstəkləməsinin əyani sübutu idi.
“Yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən fəaliyyət və islahatlar ölkəmizin həm hərtərəfli potensialını, həm də beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Prezident İlham Əliyev onun fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını bir daha əyani şəkildə nümayiş etdirdi. Bununla bərabər, bütün beynəlxalq mötəbər tribunalardan keçmiş münaqişə vəziyyətində Azərbaycanın haqlı mövqeləri ciddi arqumentləşdirilərək dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Artıq bütün beynəlxalq təsirli siyasi dairələrdə qəbul edirdilər ki, münaqişənin tənzimlənməsinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Məhz bu baxımdan qeyd edilirdi ki, 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsində tarixi Qələbəmizin siyasi əsasları Prezident İlham Əliyev tərəfindən hələ bir neçə il öncədən yaradılıb. Silahlı Qüvvələrimizin dünyanın ən güclü orduları sırasında yer alması, inkişaf etmiş hərbi-texniki əməkdaşlıq sisteminin qurulması, ölkəmizin səmimi dostlarının arealının əhəmiyyətli dərəcədə genişləndirilməsi Prezident İlham Əliyevin dövlət başçısı kimi yorulmaz və səmərəli fəaliyyətinin nəticələri idi.
“Bu gün Azərbaycan dünya dövlətlərinin gözündə əməkdaşlıq üçün ən cəlbedici ölkələrdən biridir. Həyat fəaliyyətinin ən müxtəlif sahələrində Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırası davamlı olaraq genişlənir. Vətən müharibəsindən ötən dövr ərzində azad edilmiş ərazilərimizdə həyata keçirilən tikinti-quruculuq işlərinin miqyası Prezident İlham Əliyevin iradəsinin və yaratdığı potensialın göstəricisidir. Bütün yol infrastrukturunun yenidən qurulması, qısa zamanda iki hava limanın yüksək keyfiyyətlə inşa edilərək istifadəyə verilməsi, tarixi-mədəni abidələrimizin sistemli şəkildə bərpası, həmin ərazilərin iqtisadi potensialından optimal şəkildə istifadə olunması istiqamətində layihələrin reallaşdırılması bir daha göstərdi ki, Prezident İlham Əliyev dövlətinin, xalqının təhlükəsizliyinin, sosial-iqtisadi rifahının təmin olunması istiqamətində bütün bilik və bacarıqlarını, enerjisini sərf edir. Bu baxımdan 2018-ci il seçkilərindən ötən beş il ərzində Azərbaycan xalqı seçimində yanılmadığına və müdrik qərar verdiyinə bir daha əmin oldu”, - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.