“Azərbaycanın iqtisadi baxımdan heç bir asılacağı yoxdur"

2024-cü ildə siyasi, hərbi uğurlarımızla yanaşı, iqtisadi və sosial sahədə də böyük nailiyyətlər, uğurlar əldə olunub. Bunu səciyyələndirən ən mühüm faktlar sırasında ÜDM-nin 4,1 faiz artması, eyni zamanda müstəqillik tarixində həcm etibarilə ən böyük dövlət büdcəmizin təsdiqi oldu.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

“Büdcə xərclərimiz 41 milyard manatdan çoxdur, eyni zamanda icmal büdcəmiz 48 milyard manat təşkil edir. Digər tərəfdən ölkənin əsas strategiyası olan və hədəflərimizdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Qeyri-neft sektoru xüsuslə bu sahənin tərkibində qeyri-neft sənayesi 6,1 faiz artıb. Valyuta ehtiyatlarımız 5 milyard artaraq 72 milyard dollar olub. Onu da qeyd edək ki, Azərbaycanın xarici borcu inkişaf etmiş ölkələrlə müqayisədə belə çox yaxşı göstəriciyə malikdir. Bu bizim ÜDM-nin 7 faizinə bərabərdir. İqtisadi uğurlarımız əlbəttə ki, sosial tədbirlərin səciyyələndirilməsi deməkdir. Çünki bizim iqtisadi uğurlarımız nə qədər çox olursa, dövlət büdcəmizin gəlirləri nə qədər artırsa, o qədər də vətəndaşların sosial rifahının yüksəldilməsi, xüsusilə həssas təbəqəyə diqqət və qayğı göstərilir. Bunun bariz nümunəsi dövlət büdcəsindən 42 faizin sosial xərcləri təşkil etməsidir”, - deputat söyləyib.

Əlavə edib ki, Prezidentin sərəncamı ilə minimum əmək haqqı 400 manat, minimum pensiya 320 manat təsdiq olunub. Bu müvafiq olaraq hər iki sahədə, yəni həm pensiya, həm əmək haqqının artımı deməkdir. Əmək haqqı və pensiyanın artması digər kateqoriyadan olan müavinətlərə, eləcə də əmək haqlarına öz müsbət təsirini göstərəcək.

A.Hüseynovun sözlərinə görə, son illərdə aparılan siyasətin bariz nəticəsi olaraq sosial sahədə 4 milyon vətəndaşımızı əhatə edən, manat ifadəsinə desək 7 milyarddan çox vəsaiti özündə ehtiva edən böyük bir sosial zərfin şahidi olduq: “Prezidentin sərəncamı ilə sosial zərf təsdiq olundu. Bütün bunlarla yanaşı bizim ən böyük uğurlarımız sırasında Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri də var. Məlumdur ki, indiyə qədər, yəni 2021-ci ildən bəri bu istiqamətdə 19 milyard manata yaxın vəsait ayrılıb. Bu ilin büdcəsindən də 4 milyard manat vəsait ayrılıb. Digər tərəfdən ordumuzun gücləndirilməsi və müdafiə qüdrətimizin daha da artırılması prioritet istiqamətlərdən biridir. Hərbi büdcəmiz bu il 8,4 milyard manat təşkil edir”.

A.Hüseynov deyib ki, iqtisadi uğurlarımızın əsasında ölkə Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu Azərbaycanın iqtisadi inkişaf modeli dayanır: “Bu iqtisadi inkişaf modelinin mahiyyəti də ondan ibarətdir ki, öz resurslarımız, öz potensialımız hesabına bütün layihələri həyata keçiririk, Azərbaycan dövlətinin iqtisadi baxımdan heç bir digər mərkəzdən, digər dövlətdən asılacağı yoxdur, Azərbaycan iqtisadi baxımdan tam müstəqildir, bu müstəqilliyimiz bizim həm də siyasi müstəqilliyimizi özündə ehtiva edir”.

Deputat düşünür ki, bu il də iqtisadi temp davam edəcək: “Biz ötən ilin nailiyyətlərindən danışdıq, hər bir ötən il növbəti il üçün başlanğıc deməkdir. Ötən ilin uğurları bu il özünü daha parlaq göstərəcək. Biz dövlət büdcəmizdən danışdıq, qəbul edilən büdcə bu il üçün müəyyənləşib, eyni zamanda 2025-ci il ÜDM-nin 3,5 faizdən çox artacağı proqnozlaşdırılır. Sənaye sektorunda, kənd təsərrüfatında, turizmdə, iqtisadiyyatın bütün sahələrində biz dinamik inkişafın şahidi olacağıq. Eyni zamanda, bu ilin dövlət büdcəsində 17 faizdən çox investisiya xərcləri nəzərdə tutulub. Bu qoyulan investisiya xərcləri ölkə iqtisadiyyatının inkişafını təmin edəcək. Digər tərəfdən, məlumdur ki, bizim çox böyük meqalayihələrimiz mövcuddur. Yəni yaşıl enerji istiqamətində böyük addımlar atırıq. O da aydındır ki, Azərbaycan alternativ enerjini ölkənin daxili tələbatını ödəməklə yanaşı, xaricə də bu məhsulları ixrac edəcək. Bu da ölkəyə önəmli şəkildə gəlir və valyuta gətirən sahələrdən biridir. Azərbaycan getdikcə daha böyük nəqliyyat logistikasına çevrilir. Şərqlə Qərb, Şimalla Cənub arasındakı yükdaşımalarda Azərbaycanın coğrafi mövqeyi, eyni zamanda nəqliyyat logistikası çox böyük imkanlara malikdir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu sahədə önəmli işlərin görülməsini səciyyələndirən iqtisadi layihlərimizdən biridir”.

A.Hüseynovun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası çox yaxın illərdə regionun ən böyük azad iqtisadi zonasına çevriləcək: “Qarabağda, Ağdamda, Cəbrayılda sənaye zonalarının, sənaye parklarının yaradılması və ölkənin digər iri şəhərlərində bu kimi böyük layihələrin həyata keçirilməsi ondan xəbər verir ki, əlbəttə iqtisadiyyatımız daha da inkişaf edəcək, xüsusilə özəl sektor, qeyri-neft sektoru getdikcə ölkə iqtisadiyyatında önəmli xüsusi çəkiyə malik olacaq. Qeyri- neft sektorunun ölkənin ÜDM-də payının 75 faizdən çox olacağı proqnozlaşdırılır. Bu kimi addımlar atılacaqdır və atılan hər bir addım bizim iqtisadi gəlirlərimizi daha da artırır, qeyd etdiyimiz kimi artan iqtisadi gəlirlərimiz vətəndaşlarımızın sosial rifah halının təmin olunmasına yönəldilir”.