Azərbaycanın növbəti diplomatik uğuru

Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüş olub. Bu formatda keçirilən sayca 3-cü görüşdə həm siyasi, həm də humanitar məsələlər nəzərdən keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatla çıxış edən Avropa İttifaqının Prezidenti Şarl Mişelin qeyd etdiyi kimi, görüş məhsuldar keçib.

Bu gün əsas diqqət Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə yönəlib. Azərbaycan hər zaman sülh sazişinin imzalanması ilə bağlı niyyətini bildirib, təşəbbüslə çıxış edib, təkliflər verib. Amma Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirdiyindən bu görüşlər baş tutmayıb.

Azərbaycan xalqının və dövlətinin milli maraqlarını özündə əks etdirən əsas beş təklif Ermənistana təqdim edilib. Həmin təkliflərdən ən vaciblərindən biri sərhəd məsələsidir. Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclasının keçiriləcəyi gözlənilir. Təbii ki, keçiriləcək görüşdə də sərhədin delimitasiyası ilə bağlı bütün suallar müzakirə olunacaq.

Azərbaycan öz mövqeyindən bir addım belə geri çəkilməyib. Şarl Mişelin bəyanatından da görünür ki, danışıqlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.

Görüşdə Qərbi Azərbaycanla Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılığa gəlinməsi də irəliyə doğru atılan addım kimi dəyərləndirilməlidir.

Azərbaycan tərəfi əhalinin təhlükəsizlik məsələsi ilə bağlı dəfələrlə bildirib ki, Azərbaycan dövlətinin tərkibində yaşayan etnik erməni əhalisinin hüquqları qorunacaq, azərbaycanlılar kimi eyni hüquqlara malik olacaq və təhlükəsizliyi də təmin olunacaq. Qarşı tərəf isə bununla razılaşmaq istəmir, status məsələsini qabartmaq niyyətindədir. Ancaq Ermənistanın iddia etdiyi və çalışdığı “status” məsələsinə bu görüşdə toxunulmayıb, Şarl Mişelin bəyanatında da öz əksini tapmayıb.

Ümumiyyətlə, hesab edirəm ki, Brüsseldə keçirilən üçtərəfli görüş Azərbaycanın növbəti diplomatik uğurudur.
 

Oqtay Əsədov
Milli məclisin deputatı