Azərbaycanın qətiyyətli mövqeyinin təqdimatı

“BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi  çoxlu sayda görüşlər, sessiyada çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, ölkə Prezidentinə etimadın aydın mənzərəsini yaratdı. Sentyabrın 30-da işini başa çatdıracaq Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak etdi. “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlər, o   cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzular ətrafında geniş müzakirələr aparıldı. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən  sonra ilk dəfə BMT tribunasından çıxış edirdi. Prezident İlham Əliyevin Baş Assambleyadakı çıxışı tarixi bir an idi. Çünki ölkə Prezidenti vaxtilə ölkəmizin işğal, təcavüz və ədalətsizliyə məruz qaldığını bəyan etdiyi tribunada indi işğala necə son qoyduğumuzu və sülhü siyasi vasitələrlə necə təmin etdiyimizdən danışdı”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, cənab İlham Əliyev BMT Baş Assambleyasının tribunasından dünyaya çağırış etdi. Bildirdi ki, gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünyanı quraq. Azərbaycan Prezidenti, həmçinin  bu tribunadan ölkəmizin baxışlarını, prioritetlərini bəyan etdi. Bir daha vurğulandı ki, bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır.

Malik Həsənov Azərbaycanın xarici siyasətində iki və çoxtərəfli əlaqələrin qurulmasının prioritet olduğunu vurğulayıb: “Bu baxımdan Birləşmiş Millətlər Təşkilatı  ilə münasibətləri xüsusilə önəmlidir. 1992-ci ildən  bu qurumun üzvü olan Azərbaycan  qurumun əsas prinsiplərinin- sülhün təmin olunması, təhlükəsizliyin qorunması, insan hüquqlarının müdafiəsi və davamlı inkişafın təşviqi istiqamətində  atdığı  addımları ilə diqqətdədir. BMT Baş Assambleyasının hər bir iclasında Azərbaycan mühüm  təşəbbüslərlə çıxış edir. Daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu gündəmə gətirilən məsələlərə yanaşmasında, mövqeyində  nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyü məsələsi də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrdə öz əksini tapıb. Baxmayaraq ki, əksər dünya gücləri bu qətnamələrə məhəl qoymayan, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana ötən illər ərzində heç bir təzyiq göstərmədilər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bu reallığı xüsusi vurğuladı ki, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi”.

Millət vəkili onu da əlavə edib ki, Azərbaycan Vətən müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi: “Cənab İlham Əliyev çıxışında postmünaqişə dövrünün reallıqları fonunda qeyd etdi ki,   beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi”.

Malik Həsənov bildirib ki, cənab İlham Əliyevin Nyu-York səfəri Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafının təqdimatı oldu: “Cənab İlham Əliyev sessiyadakı çıxışında bir daha vurğuladı ki, Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı ilə Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi: “Həmçinin ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan,   COP29 iqlim konfransına  ev sahibliyi ilə əldə onunan uğurlu nəticələrdən, dayanıqlı iqtisadi inkişafımızdan, Böyük Qayıdış Proqramının uğurlu icrasından, Azərbaycanın qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duymasından geniş bəhs etdi. Bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur”.