Azərbaycanın qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Bu mənada martın 13-15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir.
 

Dövlət başçısı cənab İlham Əliyev Forum zamanı “Euronews” televiziyasına müsahibəsində də bu məqamlara xüsusi diqqət yönəldərək qeyd etmişdir: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır”.

Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda Azərbaycan Prezidentinin ölkələrin yalnız öz güclərinə arxalanmalı olduqlarını diqqət çəkməsi, xarici yardımlara bel bağlamağın suverenlik üçün risklər yaratdığını bildirməsi, Azərbaycanın öz ərazi bütövlüyünü məhz bu prinsiplə özünün bərpa etməsi bu nəsihətin gerçəkliyə dayandığının təsdiqidir. 

Müsahibə zamanı Azərbaycanın öz daxili gücünə arxalanması mesajını verən Ölkə başçısı dünyada münaqişələrin artığı bir dönəmdə təkcə Qarabağ münaqişəsinin öz həllini tapdığını diqqətə çatdıraraq bildirmişdir: “Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq”. Bunu dövlət başçısı Azərbaycanın üzləşdiyi ədalətsizliyə və acı təcrübəyə söykənərək bildirdi. Həm də dünyaya, bizi sevməyənlərə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təkbaşına bərpa etmək aspektində nə qədər uğurlu olduğunu bəyan etdi. Bu, milli maraqlara arxalanan liderin gələcəyə əminliyinin parlaq ifadəsi idi. Məhz milli iradəyə və xalq gücünə söykən lider olaraq Ölkə rəhbəri cənab İlham Əliyev bu müsahibəsində dünyanın gələcəyi ilə bağlı ciddi mesajlar verməklə yanaşı, həm də qlobal diplomatik müstəvidə çoxlarına dərs keçmiş oldu.

Göründüyü kimi, bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır.

Eldar ASLANOV, 
ADPU-nun tədris işləri üzrə prorektoru, s.e.f.d., dosent