Azərbaycanın sabahları daha aydın olacaq

Böyük tarixi şəxsiyyətlər dövlətin maraqlarını həmişə bütün sahələrdə qoruyur, onun dün­yə­vi nüfuzunun, istərsə də iqtisadi qüdrətinin yüksəldilməsini dövlətçiliyin başlıca vəzifəsi bilir. Belə tarixi şəxsiyyətlərdən biri də dünya siyasətinin fenomenlərindən biri olan Heydər Əliyevdir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi sovetlər dönəmində də respublikanın iqtisadi in­kişafına ciddi diqqət yetirilirdi. O illərdə Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrilmişdi. Bakıda neçə-neçə ittifaq miqyaslı zavod istifadəyə verilmişdi ki, bunlar da həm Azər­bay­canın iqtisadi qüdrətinin yüksəlişini, həm də siyasi nüfuzunun artırılmasını təmin edirdi. Bakı­da Elektron Hesablama maşınları zavodu, “Ozon” zavodu, Məişət Kondisionerləri zavodu, Radio­zavod, ... böyük iqtisadi potensialı və nüfuzu ilə fərqlənirdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəs­sisələrinin əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışında demişdi: “Azərbaycanın müs­­təqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxş­ıl­aşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamla­rı­nın gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respub­li­kanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm”. Bu fikirlər tarixin dünənləri haqqında on illərdən sonra deyilsə də tarixi gerçəkliyi ifadə edirdi və daha nurlu sabahlara həmişə qayğı göstəriləcəyinə etibarlı zəmanət idi...

Dahi tarixi şəxsiyyət Heydər Əliyev xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Res­pub­likasının Prezidenti seçilmişdi. Bu seçim Azərbaycanın tarixini gümanlardan gerçəkliyə, qarı­şıq­lıdan duruluğa, iqtisadi gerilikdən iqtisadi tərəqqiyə çıxarda bildi. Ən böyük azərbaycanlı olan Heydər Əliyev Azərbaycan dövlətçiliyini siyasi burulğandan da çıxartdı, iqtisadi inkişafının kon­tur­larını da təmin etdi. Azərbaycan Respubliksının Prezidenti Heydər Əliyev 1993-cü il oktyabr ayının 10-da Andiçmə mərasimində Azərbaycan və azərbaycanlılar üçün gələcəyin yaşam mahiy­yə­tini belə müəyyənləşdirmişdi: “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqti­sa­diy­yat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər və­ziy­yəti daha da gərgin­ləşdir­mişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqti­sa­di potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağıl­ma­sına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respub­li­ka­mızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşı­laş­ması üçün şərait yaratsın”.

1994-cü ilin fevral ayının 24-də Böyük Britaniyaya rəsmi səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyanatında demişdi: “Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiy­ya­tının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradıl­ması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası, söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respub­lika­mıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallı­ğın işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbay­can iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir, respubli­ka­nın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə təminat verir.” –

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiy­yətlərimizdən biri hesab edən Ulu Öndər2002-ci il oktyabrı 17-də "Gülüstan" sarayında Azərbay­canın dövlət müstəqilliyinin 11-ci il­dönümünə həsr olunmuş təntənəli mərasimdə nitqində Azər­baycanın neft strategiyası haqqında da fikrini açıqlamışdı, bu strategiyanın bilavasitə Azər­bay­canın iqtisadi (və siyasi!) maraqları ilə bilavasitə əlaqəli olduğunu da bildirmişdi: “Biz Azərbay­canda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir bö­yük məq­səd və vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqla­rı­nın xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təş­kil etmək, bunun nəticəsində zəngin yataqlarımızda neft və qaz hasilatını təmin etmək və təbii­dir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunmasına yönəltmək. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir”.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın iqtisadi maraqlarının təmin edilməsi istiqamə­tin­də bütün mövcud imkanların səfərbər olunmasını təmin etmişdi. Onun məsləhətləri, göztərişləri bu inkişafın metodoloji əsasını təşkil edirdi. İqtisadi inkişafın ancaq sənaye ilə bağlı olmadığını, kənd təsərrüfatının da dinamik inkişafının təmin edilməsini məsləhət görən, tələb edən Ulu Öndər deyirdi: “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd tə­sər­rüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiy­yatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhə­miyyəti var”.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu bütün sahələr üzrə uğurla davam et­dirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın iqtisadi qüdrə­ti­nin yüksəldilməsi istiqamətində də mühüm qərarlar həyata keçirilməsini təmin edib. İkinci Qara­bağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğal edilmiş ərazilərdə aparılan quruculuq işləri də Zəfərlə başa çatacaq və iqtisadi qüdrətimiz daha da yüksələcək. Bu, memarı böyük tarixi şəxsiyyət Heydər Əliyev olan müasir Azərbaycanın daha aydın sabahlarına zəmanət deməkdir...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı