Azərbaycanın sabit əməkdaşlıq əlaqələri

Prezident İlham Əliyev: “Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir”

Azərbaycan Ermənistandan fərqli olaraq tarazlı xarici siyasət yeritməklə müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunun qarşıdurma meydanına çevrilməsinə yol vermir. Ən önəmlisi Azərbaycan xalqın və dövlətin milli mənafelərini yetərincə qoruyur.  Respublikamızın xarici siyasət fəaliyyətinin formalaşması prosesi Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi ilə paralel gedib. Dövlətimiz beynəlxalq norma və prinsiplərə əsaslanaraq beynəlxalq və regional məsələlərə yanaşır. Azərbaycan hər zaman müxtəlif dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Məhz buna görə də Azərbaycan hazırda dünya miqyasında etibarlı tərəfdaş ölkə olaraq tanınır. Prezident İlham Əliyev 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışında Azərbaycanın sabit əməkdaşlıq əlaqələr qurduğunu önə çəkib. Cənab Prezident deyib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir.

Bu gün yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında mübarizə daha da güclənib. Müstəqil Azərbaycan belə bir qlobal şəraitə uyğun xarici siyasət yeridərək Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilib. Buna görə də hazırda ölkəmiz regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə aparıcı mövqe sahibdir. Dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir: “Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq”.

Azərbaycan siyasi mübarizələrini sivil qaydalara əsaslanaraq aparır. Məhz bunun nəticəsidir ki, bütün siyasi məsələlərdə dövlətimiz daim qələbə qazanır. Bu gün siyasi sabitlik baxımından Azərbaycan örnək göstərilir. Artıq Azərbaycan dünya miqyasında böyük nüfuz qazanıb. Bu gün Azərbaycan dünyada gedən qlobal, xüsusən enerji təhlükəsliyi məsələlərinin həllində fəal rol oynayır. Dünya birliyi tərəfindən Azərbaycanın bu rolu yüksək qiymətləndirilir. Bu da Azərbaycanın xarici və iqtisadi siyasətinin nə qədər düzgün və səmərəli olduğunun bariz nümunəsidir. Eyni zamanda, dövlətimiz Qoşulmama Hərəkatına üzv olarkən dünya birliyinin mütləq əksəriyyətinin dəstəyini qazanmışdır. Bu dəstək Qoşulmama Hərəkatının zirvə görüşlərində Qarabağ münaqişəsi ilə bağlı reallığı, beynəlxalq hüququ, Azərbaycanın mövqeyini əks etdirən sənədlərdə də öz əksini tapıb. Az bir zamanda Azərbaycan Qoşulmama Hərəkatında təşəbbüskar ölkə kimi özünü göstərib. Prezident İlham Əliyevin təşəbbüskarlığı ilə Qoşulmama Hərəkatı çərçivəsində bir sıra beynəlxalq tədbirlər reallaşdırılıb. Cənab Prezident çıxışında Qoşulmama Hərəkatında Azərbaycanın roluna da toxunub: “Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır”. Məhz Azərbaycanın sədrliyindən sonra Qoşulmama Hərəkatının fəaliyyətində yeni mərhələ başlayıb. Bu baxımdan Qoşulmama Hərəkatı çərçivəsində də Azərbaycan sülh və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verib.

Bu gün Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır. Bu istiqamətdə Azərbaycan  öz səylərini davam etdidir. Prezident İlham Əliyev Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiyanın önəmli rol oynadığını vurğulayıb. Göründüyü kimi, bu gün Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunması üçün münbit şərait yaranıb. Bu baxımdan vasitəçilər də fəallıq göstərirlər. Buna görə də Ermənistan işğalçılıq siyasətini dayandırıb sülh yolunu seçməlidir.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu