Regionda söz sahibinə çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrinə də təsirsiz ötüşməyib. BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanla əməkdaşlığa xüsusi üstünlük verirlər. Odur ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə üzv dövlət kimi deyil, onların idarə olunmasında, qərarların qəbulunda önəmli rol oynayır. Belə təşkilatlardan biri də dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatıdır. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən 4 ildir ki, həyata keçirir. 2019-cu ildə ölkəmiz Hərəkatın sammitinə ev sahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Hərəkata üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsi idi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi digər üzvlər tərəfindən təqdir olunur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, Azərbaycanın sədrliyi koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etsə də, ölkəmiz bu müddət ərzində qurumun çevik və səmərəli fəaliyyətini təşkil edə bilib. Təbii ki, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, peşəkarlığı və siyasi iradəsi mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Azərbaycanın sədrliyində Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə barışmaz və ədalətli mübarizəyə çağırdı.
Deputat qeyd edib ki, Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, Hərəkatın sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
“Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olundu. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda Bakıda konfransı keçirildi. Prezident İlham Əliyev konfransda çıxış edərək bu Şəbəkənin əhəmiyyətinə toxundu. Həmin konfransdan az sonra - iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin məhz Şuşada qəbul edilməsi bizim üçün xüsusi məna kəsb edirdi”, - deyə İltizam Yusifov bildirib.
O deyib ki, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkat tərəfindən dəstəkləndi. Nəticədə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsi geri götürüldü. Həmçinin sonrakı illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir.
Deputatın sözlərinə görə, postpandemiya dövründə ölkəmizin uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatı dünyadakı qlobal proseslərdə öz aparıcı rolunu saxlayır. Hazırda beynəlxalq sülh və təhlükəsizlik sisteminə olan təhdidlər, beynəlxalq hüququn pozulması Şərq-Qərb ziddiyyətlərinin artması fonunda “Soyuq müharibə”nin yeni fazaya daxil olması Qoşulmama Hərəkatı üzvlərini ciddi narahat edir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi, həmçinin Rusiya-Ukrayna müharibəsi Qoşulmama Hərəkatı üçün prioritet məsələlərdəndir.
“Azərbaycan Qoşulmama Hərəkatının daha bir mühüm tədbirinə ev sahibliyi edir. İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. Görüşdə perspektiv fəaliyyət istiqamətləri ilə bağlı aktual müzakirələr aparılır.
Qoşulmama Hərəkatının ötən 4 illik fəaliyyətinə nəzər saldıqda görürük ki, təşkilat Azərbaycanın sədrliyi dövründə dünyada gedən iqtisadi-siyasi proseslərdə aktiv rol oynamaqla yanaşı, beynəlxalq hüququ, sülhü və sabitliyi daim təşviq edib, eyni zamanda, ölkələrarası sağlam münasibətlərin formalaşmasına mühüm töhfələr verib.