Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu

Müstəqilliyin Bərpası Günündən 30 il zaman ayırır bizi. Bildiyimiz kimi Milli Məclisin 15 oktyabrda keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olundu. Qanun layihəsinə əsasən, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edildi.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
1991-ci ildə xalqımız bu azadlığa asanlıqla nail olmadı. Həftələrlə çəkən mitinqlər, insanların qanı-canı bahasına törədilən 20 Yanvar faciəsi xalqın Azadlıq uğrunda qətiyyətlə mübarizəsinin sübutu idi. Xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. İmperiyanın tankları, haqsız həbslər də artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Azərbaycan xalqı addım-addım, inadla müstəqilliyə doğru gedirdi.
1991-ci ilin oktyabrında uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Az keçməmiş Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.
Müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Şükürlər olsun ki, böyük siyasi təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
30 il az zaman deyil. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları kifayət qədər möhkəmdir. Qarabağ müharibəsi bitmiş, Azərbaycanın Müzəffər Ali Baş Komandanı və Müzəffər ordusu 30 il işğal altında qalan torpaqlarımızı işğaldan azad etmişdir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.
Düşməni diz çökdürən, torpaqlarını işğalçılardan təmizləyən, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin həyata keçirilməsini özü təmin edən, regionu və dünyanı erməni faşizmindən xilas edən Azərbaycan qarşısında artıq yeni mühüm vəzifələr durur. Bu, azad edilmiş ərazilərin etibarlı müdafiəsinin təşkili, o yerlərdə abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı üçün digər müvafiq işlərin görülməsidir. Postmüharibə dövründə bu istiqamətdə Azərbaycan dövləti tərəfindən artıq genişmiqyaslı işlər görülüb və görülməkdədir. Prezident İlham Əliyevin bu ilin 7 iyul tarixində imzaladığı Fərmanla Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış Dağlıq Qarabağ inzibati ərazisi və onun muxtariyyət statusunun artıq tarixin arxivinə getməsi ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda intensiv bərpa, quruculuq işləri həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarı ilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarna qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir.
Bu abadlıq-quruculuq işləri bu gün xatirələrini ehtiramla andğımız şəhidlərimizin, Vətən müharibəsi iştirakçılarının fədakarlığı nəticəsində baş tutur. Elə quruculuq, bərpa işlərinə həm də şəhidlərimizin bir anım abidəsi kimi yanaşmaq mümkündür. Bu qəbildən olan qəhrəmanlarımzın bizə əmanət etdikləri Vətən, onların doğmaları dövlətin və cəmiyyətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin sosial siyasətində sözügedən kateqoriyadan olan insanlara xüsusi qayğı mühüm yer tutur. Bunlar fonunda şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, müharibə qəhrəmanlarının və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən hərtərəfli qayğı nümunəvi xarakterə malikdir. Amma təbii ki, belə insanlara təkcə dövlət yox, bütün cəmiyyət yüksək diqqət və qayğı göstərməlidir. Müstəqil Azərbaycanın güclənməsi üçün hər bir vətəndaş dövlətə, ölkəyə bacardığı iş üzrə töhfə verməlidir.
Müstəqilliyimizin Bərpası Günü münasibətilə hər bir vətəndaşı təbrik edirəm.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı