"Azərbaycanın töhfəsi bir çox ölkələr üçün nümunə oldu"

“Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci böyük təşkilatdır və özündə 120 ölkəni birləşdirir. Azərbaycanın orada təmsilçiliyinin qısa zaman kəsiyində çox böyük siyasi əhəmiyyəti oldu. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi, hərəkata üzv ölkələrin Azərbaycana olan yüksək səviyyəli münasibəti və hörməti ələlxüsus da ölkəmizin ən böyük problemi olan Qarabağ məsələsinin həllində mühüm rol oynadı, öz effektini 44 günlük Vətən müharibəsində göstərdi. Ötən gün Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda bu barədə ətraflı məlumat verdi”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.

O bildirib ki, müharibə ərəfəsində BMT-nin tərkibində ayrı-ayrı dövlətlər tərəfindən, xüsusilə də Minsk qrupunun həmsədrliyində olan ölkələr tərəfindən Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamələrin dəyişdirilməsi yönündə addımlar atıldı. Ancaq bu məsələdə Qoşulmama Hərəkatı bizim yanımızda oldu: “Onlar qətnamələrə yenidən baxılması və Ermənistanın işğalçı ölkə kimi göstərilməsinin əleyhinə yeni bir qətnamə qəbul etmək istəyirdilər. Belə olan halda Qoşulmama Hərəkatının 7 üzvü, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri müxtəlif səviyyələrdə beynəlxalq təzyiqlərə və şantajlara baxmayaraq, Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Bu da növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinin qorunması idi. Sonda biz çoxlu yeni problemlərlə rastlaşa bilərdik. Xüsusən də müharibəni davam etdirməkdə müəyyən çətinliklərimiz ola bilərdi”.

Deputat qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına Prezidentin sədrliyi ilə üzv olması bu hərəkata yeni impuls verdi: “Çünki Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi pandemiya dövrünə təsadüf etdi. Bütün dünyanın mübarizə apardığı COVID-19 pandemiyası ilk vaxtlarda ölkələrarası münasibətlərdə durğunluq yaratdı. Hərəkata üzv olan bir çox ölkələr iqtisadi cəhətdən kifayət qədər inkişaf etməmiş ölkələrdir. Belə olan halda bu ölkələr pandemiya ilə mübarizədə çətinlik yaşadılar və bu istiqamətdə dəstək baxımından Azərbaycan hərəkata 10 milyon dollar yardım etdi. Bu da beynəlxalq səviyyədə ədalətin bərpası idi. Heç kəsə sirr deyil ki, güclü, iqtisadiyyatları inkişaf etmiş ölkələr vaksinlərlə bağlı eqoist siyasət yürütdülər və istehsal olunan vaksinlərin əksəriyyətini mənimsədilər. Bəzi hallarda lazım olandan dəfələrlə çox mənimsədilər, biz bunu Kanadanın timsalında gördük. Prezident İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması təşəbbüsü, dünya ölkələrinə, xüsusilə də Qoşulmama Hərəkatına üzv olan və inkişaf etməmiş ölkələrə yardımlaşma çağırışı və bu kimi bütün addımlar Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi töhfə idi. Hərəkata üzv olan 120 ölkə və bütün dünya birliyi gördü ki, Azərbaycan sədrliyi dövründə hərəkata kifayət qədər impuls verib. Həm iqtisadi, humanitar, həm də siyasi aspektdən yanaşsaq, Azərbaycanın töhfəsi bir çox ölkələr üçün nümunə oldu, ölkəmiz burada aparıcı rol oynadı. Bu, təbii ki, yüksək qiymətləndirilirdi”.

N.Məhəməliyev əlavə edib ki, Qoşulmama Hərəkatına sədrliyin bir il daha Azərbaycana həvalə olunması ölkəmizə, onun beynəlxalq nüfuzuna, Prezident İlham Əliyevə etimadın bariz nümunəsidir: “Dünənki çıxışlarda da gördük ki, hərəkata üzv ölkələrin Azərbaycana ən yüksək səviyyədə hörməti var. Biz bunun daha bir real nümunəsini Rusiyadan sonra keçmiş SSRİ ölkələri arasında BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə də gördük. Dünyanın 155 ölkəsi Azərbaycana dəstək oldu və ölkəmiz 2 il müddətində qeyri-daimi üzv olaraq fəaliyyət göstərdi, sədrlik etdi. Bütün bunlar Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu artırır, ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirir. Bu, hər bir azərbaycanlı üçün qürurvericidir”.