Azərbaycanın uğurları Heydər Əliyev ideyalarının təntənəsidir

Bir neçə il əvvələ qədər neft diyarı və ya regionun lider ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də qlobal miqyasda müharibədə qalib gələn, torpaqlarını döyüş yolu ilə işğaldan azad edən, eyni zamanda ərazisində separatizmə birdəfəlik son qoyan dövlət kimi tanınır. 

Bu nailiyyətlərimiz Prezident İlham Əliyevin müdrik liderliyi ilə Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata vəsiqə alması deməkdir. Bu tarixi hadisələr həm də ondan xəbər verir ki, Müzəffər Prezidentimiz dövlətimizin bütün ağrılı problemlərini milli maraqlarımıza uyğun şəkildə həll etməklə, ata vəsiyyətini layiqincə yerinə yetirir.

Olduqca qürurvericidir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü də tarixi nailiyyətlərimizin yaratdığı qalibiyyət ovqatı ilə qarşılayırıq. Hər birimiz üçün doğma olan bu tarix ərəfəsində Ümummilli Lider Heydər Əliyevin vətənimiz və xalqımız qarşısındakı böyük xidmətlərinə nəzər yetirir, əziz xatirəsini dərin ehtiramla yad edirik. Müasir Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin xilaskarı olan Heydər Əliyev xalqımızın hər zaman böyük iftixar hissi ilə xatırlayacağı dahi şəxsiyyətdir. Azərbaycan yaşadıqca Heydər Əliyev də yaşayacaq, ehtiramla yad ediləcək. Başqa cür desək, Heydər Əliyev Azərbaycanın özü qədər əbədidir…

Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Ulu Öndər hələ 1990-cı illərdə ictimaiyyət nümayəndələri ilə görüşlərinin birində demişdi: "Azərbaycan bu vəziyyətdən çıxacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Qaçqınlar öz yerinə, yurduna qayıdacaqlar və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, inkişaf edəcəkdir". Heydər Əliyev dünyagörmüş şəxsiyyət idi. Onun hələ o dövrdə müdrikcəsinə dediyi fikirlər artıq həyata vəsiqə alıb. Torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz təmin olunub, məcburi köçkünlər isə tədricən doğma yurdlarına qayıdırlar. Bu tarixi hadisələrin təminatçısı olan möhtərəm Prezident İlham Əliyev Azərbaycanı həm də öz tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəldib. Əlbəttə, bütün bunlar Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsidir, real həyatdakı təcəssümüdür. Ona görə artıq Heydər Əliyevin ruhu rahatdır.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev respublikamız üçün elə bir inkişaf yolu müəyyən edib ki, bu yol hər zaman Azərbaycanı aydın sabahlara və yüksək rifaha aparacaq. Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə ötən 20 ildən artıq bir müddətdə Azərbaycanın yüksəlişi, qlobal nüfuzunun yüksəlməsi, xalqımızın rifahının güclənməsi, bütövlükdə hər bir sahədə əldə edilən uğurlar bunu təsdiqləyən tarixi həqiqətlərdir. Bütövlükdə, Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu çağdaş dövrün reallıqlarına və çağırışlarına uyğun zənginləşdirən, eyni zamanda onu yeni keyfiyyət mərhələsinə yüksəldən cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin möhtəşəm nəticələri Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin parlaq nailiyyətləridir. 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də təşkilat olaraq yüksəlişinə görə Heydər Əliyevə minnətdardır. Belə ki, müstəqilliyimizin ilk illərində üzləşdiyimiz çoxsaylı problemlər, o cümlədən süni əngəllər AzQAC-a öz missiyasını həyata keçirməyə imkan vermirdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra AzQAC inkişaf dövrünə qədəm qoydu və cəmiyyətin fəaliyyətində yeni mərhələ başlandı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə AzQAC milli qurum kimi dövlət tərəfindən tanındı. Bundan sonrakı dövrlərdə də Ulu Öndər AzQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəmədi. Heydər Əliyevin 12 mart 2003-cü il tarixində AzQAC-ın XX qurultayına təbrik məktubu Ulu Öndərin cəmiyyətimizin fəaliyyətinə verdiyi əvəzsiz qiymətdir. Təbrikdə deyilirdi: "Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir".

Ona görə AzQAC üzvləri hər zaman Heydər Əliyevin əziz xatirəsini böyük minnətdarlıqla anırlar. Qürurla qeyd etməliyik ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də AzQAC-ın fəaliyyətinə hər zaman qayğı ilə yanaşmışdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 2007-ci ildə "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunun qəbulu, habelə dövlətimizin başçısının 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən hər il martın 10-nunu Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunması, əlamətdar tarixlərdə cəmiyyət üzvlərinin təltif edilməsi AzQAC-ı daha məhsuldar fəaliyyətə ruhlandırmışdır. 

Bu gün həm də başqa bir əlamətdar hadisənin - məramında xeyriyyəçilik və humanizm dəyərləri dayanan Heydər Əliyev Fondunun yaranmasının 20-ci ildönümünü qeyd edirik. 2004-cü il mayın 10-da yaranan Heydər Əliyev Fondunun ötən 20 ildə Ulu Öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində həyata keçirdiyi fundamental layihələr bütün cəmiyyətimiz tərəfindən təqdir edilərək, dərin ehtiramla qarşılanır. Bu layihələr yalnız və yalnız cəmiyyətimizin rifahına, vətəndaş məmnuniyyətinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, milli mədəniyyətimizin təbliğinə, genefondumuzun qorunmasına xidmət edir. Əlbəttə ki, bütün bu layihələrin uğurlarının təməlində fondun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaradıcı təşəbbüsləri, vətənpərvərliyi dayanır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin, talassemiya, autizm, daun və diabet kimi xəstəliklərdən əziyyət çəkən uşaqların, ahıl vətəndaşların dəstəklənməsinə, müharibədə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsinə yönəlmiş müxtəlif proqramlar, orta məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin tikintisi və ya yenidən qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətə layiqli töhfə verir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihə və proqramlar həm də ən gözəl humanizm və xeyriyyəçilik nümunələridir. 2023-cü ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələdən dərhal sonra qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti də "Səninləyəm, Türkiyəm" adlı kampaniyaya qoşuldu. Kampaniya çərçivəsində Türkiyəyə müvafiq humanitar yardımlar edildi.  

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı Heydər Əliyev Fondunun xətti ilə çoxsaylı layihələr həyata keçirilir. Fond tərəfindən əsasən ermənilərin işğal dövründə dağıtdığı tarixi və mədəniyyət abidələri bərpa edilir ki, bunlar da bir daha Mehriban Əliyevanın vətənpərvərliyinin və vətəndaş təəssübkeşliyinin göstəriciləridir. 

Mehriban xanımın xeyirxah, humanist obrazı xalqımız tərəfindən yüksək qiymətləndirilir, o cümlədən bu misilsiz fəaliyyət sənət adamlarının yaradıcılıq nümunlərində əksini tapır. Milyonlarla insanın bu böyük şəxsiyyətə rəğbətini, ehtiramını mən də hələ 2004-cü ildə sözləri Gülnur Aslana məxsus "Mehriban insan" və "Öndər Fondu" əsərlərini bəstələməklə ifadə etmişəm.

Ölkəmizin bütün uğurlarının təməlində Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Ulu Öndərin irsinin yaşadılması, Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti dayanır. Ötən 20 ilin tarixi reallıqlarının qiymətləndirilməsi göstərir ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra öz inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanı qarşıdakı dövrdə növbəti möhtəşəm nailiyyətlər gözləyir.

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti