Azərbaycanın xalqının Zəfər salnaməsi

Bir neçə gündən sonra xalqımız Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrdən biri olan Zəfər gününün – Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin növbəti ildönümünü qeyd edəcək. Bu Zəfər milli yaddaşımıza, dövlətçilik tariximizə silinməz izlərlə parlaq və əbədi həkk olunmuşdur və illər, əsrlər ötsə də, nəsillər dəyişsə də bu qələbə əsla unudulmayacaqdır.

Xalqımızın tarixində bir çox unudulmaz təqvimlər, Azərbaycan dövlətçiliyi baxımından vacib, taleyüklü məqamlar olmuşdur. Azərbaycan xalqı öz dövlətini qurmuş, uzun illər təzyiqlərə, hər cür məhrumiyyətlərə baxmayaraq, müstəqilliyini bərpa etmiş və bu gün öz taleyinin, müstəqil dövlətinin sahibi olan xalqlardan biri kimi, gələcəyə inamla addımlayır. Bu gün dünyada 4 minə yaxın xalq var və Azərbaycan xalqı bu tarixi nailiyyəti, xoşbəxtliyi yaşayan xalqlardan biridir. Lakin xalqımızın müstəqillik yolu heç də hamar olmamış, Azərbaycan xalqı və dövləti çoxsaylı problemlər və təhlükələr qarşısında qalmışdır. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xalqımızın üzləşdiyi iqtisadi, siyasi, ideoloji və mənəvi böhranla yanaşı, torpaqlarımızın Ermənistanın işğalına məruz qalması və ərazi bütövlüyümüzün pozulması əsrin sonlarında milli dövlətçiliyimiz üçün çox ciddi həllivacib vəzifələr müəyyənləşdirmişdir.

Milli Qurtuluş günü - inkişaf epoxasının başlanğıcı

Məlum olduğu kimi, hələ 1988-ci ildən Azərbaycan Ermənistanın ərazi iddiaları ilə əlaqədar başlanmış münaqişəyə cəlb olunmuş, 1991-ci ildə torpaqlarımız işğala məruz qalmışdır. Ölkəmizdə mövcud olan ağır ictimai-siyasi şəraitdən, iqtisadi böhran meyllərindən istifadə edən Ermənistan isə şəhər və rayonlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımları və qanlı qətliamlar  törətmişdir.

Əlbəttə, biz 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü il tarixini Milli Qurtuluş günü, müstəqilliyimizin qorunması və inkişaf epoxasının başlanğıcı kimi dəyərləndiririk. Çünki əgər Ümummilli lider Heydər Əliyev həmin məşəqqətli və taleyüklü məqamlarda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını öz üzərinə götürməsəydi, bu gün bəlkə də Azərbaycanın müstəqil dövlətçiliyindən, ölkəmizin qazandığı çoxsaylı tarixi nailiyyətlərdən də bəhs edə bilməyəcəkdik. Ulu öndər Heydər Əliyev ölkəmizdə sabitliyi, təhlükəsizliyi, vətəndaş həmrəyliyini, dövlətin hüquqi sütunlarını bərpa etməklə yanaşı, Azərbaycanı iqtisadi tərəqqi yoluna çıxarmış, onun demokratik inkişafını təmin etmişdir.

Ulu Öndər ilk günlərdən etibarən, Azərbaycanın üzləşdiyi digər ciddi və mürəkkəb məsələlərlə yanaşı, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün qarşısının alınması, torpaqlarımızın işğaldan azad olunması məsələsini prioritet elan etmiş, bunu Azərbaycan dövlətinin qarşısında dayanan bir nömrəli vəzifə kimi qiymətləndirmişdir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Ümummilli liderin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə, beynəlxalq tədbirlərdə və müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər Onun apardığı ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir. Ulu öndər bütün danışıq və görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal faktının aradan qaldırılması məsələlərini qətiyyətlə irəli sürmüş, ölkəmizin bu ədalətli mövqeyinin bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və qəbul olunması üçün mümkün olan bütün addımları atmışdır.

1993-cü ildə Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmiş, sonrakı dövrlərdə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı kimi digər mühüm beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrdə də Azərbaycanın ərazi bütövlüyünə açıq şəkildə dəstək ifadə olunmuş, Ermənistanın işğalçılıq siyasəti həyata keçirməsi və torpaqlarımızı işğal etməsi faktı təsbit edilmişdir.

Azərbaycan hər gün, hər saat ədalətin təmin olunması üçün çalışmış, görülən tədbirlər yalnız bu müqəddəs amala xidmət etmişdir

1994-cü ildə imzalanan atəşkəs müqaviləsi ilə aktiv döyüşlər dayandırılsa da, Ermənistan hərbi – siyasi təxribatlarını davam etdirmişdir. Buna paralel olaraq, münaqişənin həllinə vasitəçilik aparmaq məqsədilə ATƏT-in Minsk qrupu yaradılmış, lakin bu institutun 30 ilə yaxın davam edən vasitəçiliyi heç bir nəticə verməmişdir. Təbii ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən beynəlxalq səylərin nəticəsiz qalmasının səbəblərindən biri Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması olmuşdursa, digər səbəbi təcavüzkar dövlətə qarşı beynəlxalq miqyasda təzyiqlərin olmaması, Ermənistana münasibətdə lazımi beynəlxalq tədbirlərin görülməməsi olmuşdur. Lakin bütün bu ədalətsizliklər, beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar Azərbaycanı haqlı mübarizəsindən çəkindirməmiş, ölkəmiz öz ədalətli mübarizəsini Zəfər zirvəsinə qədər davam etdirmişdir.

Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan hər gün, hər saat ədalətin və ərazi bütövlüyünün, ölkəmizin suverenliyinin təmin olunması üçün çalışmış, görülən tədbirlər yalnız bu müqəddəs amala xidmət etmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə peşəkar ordu quruculuğuna başlanmış, ordudakı pərakəndəlik aradan qaldırılmış, möhtərəm Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə bu proses daha da inkişaf etdirilərək, regionun ən güclü və qüdrətli Ordusu, istənilən tapşırıq və vəzifəni icra etmək qüdrətinə malik olan Silahlı Qüvvələr yaradılmışdır. Gənclərin vətənpərvər ruhda yetişməsinə, vətəninə, dövlətinə və xalqına bağlı gənc nəsil yetişmişdir. Bu gənc nəsil münaqişənin taleyinin həll olunmasında böyük qəhrəmanlıq və şücaət göstərərək, dövlətimizin və xalqımızın etimadını layiqli şəkildə doğrultmuşdur. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgər və zabitlərimizin əksəriyyəti məhz müstəqillik dövründə dünyaya gəlmiş gənclərimiz olmuşdur. Azərbaycan xalqı torpaqlarımızın azad olunması amalı və vəzifəsi ətrafında bir yumruq kimi birləşmiş, xalqımız öz liderinə sonsuz etimadını və inamını, dəstəyini ifadə etmişdir.  Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev də bu tarixi qələbəni şərtləndirən mühüm amillər sırasında Azərbaycan xalqının birliyinin, hər bir vətəndaşımızın dövlətimizə, Ali Baş Komandana və Azərbaycan Ordusuna sarsılmaz dəstəyinin önəmini xüsusi vurğulamış, bu tarixi Zəfərin bizim hamımızın Qələbəsi olduğunu bəyan etmişdir: "Hər birimiz, hərə öz yerində öz töhfəsini ümumi Qələbəmizə, ümumi inkişafımıza verərək bu günü, bu müqəddəs günü yaxınlaşdırırdıq. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi bizdə Vətən müharibəsi adlandırılır. Çünki hər birimiz, hər bir Azərbaycan vətəndaşı bu günü nəinki səbirsizliklə gözləyirdi, bu günə inanırdı, eyni zamanda, öz əməyi ilə bu günü yaxınlaşdırırdı. Bizim üçün, xalqımız üçün torpaqlarımızın azad olunmasından daha vacib məsələ heç vaxt olmamışdır. Mən hesab edirəm ki, Qələbəmizin əsas amillərindən biri də məhz budur".

Azərbaycanın Zəfər yürüşünün, çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələri

44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfər yürüşünün, çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələrini təşkil edir. Təkcə ona görə yox ki, 44 gün ərzində Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri ən layiqli şəkildə yerinə yetirmişdir. Həm də ona görə ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə yüksək peşəkarlıq, qətiyyət və qəhrəmanlıq örnəyi göstərərək, dünya hərb tarixinə də öz adını qızıl hərflərlə yazdırmışdır. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər düşmənin işğalından azad olunmuş, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilmişdir. İşğalçı ölkə Azərbaycanın Şanlı Ordusu qarşısında duruş gətirə bilməyəcəyini dərk etmiş və diz çökmüş, kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Bu tarixi qələbə sayəsində Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyümüzü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanata görə isə Ağdam, Laçın və Kəlbəcər rayonları da Azərbaycana qaytarılmışdır.

Lakin Ermənistan 2020-ci ildə imzalanan sözügedən sənədlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmış, müxtəlif hərbi və siyasi təxribatlarını davam etdirmişdir. Bu təxribatlar isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın lokal antiterror tədbirləri görməsinə gətirib çıxarmış, 23 saat davam edən tədbirlər də hərb tariximizin yeni şanlı səhifəsini təşkil etmişdir. Bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilmiş, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir.

Beləliklə, Azərbaycan Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymuşdur. Bu gün Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ başlamış, ölkəmizin qarşısında yeni vəzifələr müəyyənləşmişdir. Azərbaycan dövləti 30 illik işğal dövründə tamamilə dağıdılan, talan olunan yurdlarımızın, şəhər və rayonlarımızın  ən yüksək səviyyədə yenidən qurulması, orada həyatın bərpa olunması,  məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması üçün bütün imkanları səfərbər etmişdir. Həmin ərazilərdə ən müasir şəhərsalma nümunələri, texnologiyaları tətbiq etməklə, "ağıllı şəhər" və "ağıllı kənd"lər inşa olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri geniş vüsət almışdır. Prezident İlham Əliyev və ölkəmizin Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva mütəmadi olaraq, həmin ərazilərə səfərlər edir, həyata keçirilən işlərə birbaşa özləri nəzarət edir. Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bundan sonra heç bir qüvvə, heç bir güc AAzərbaycan xalqını öz tarixi torpaqlarından tərpədə bilməz: "Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!".

Kərimova Tamilla Hüseynbala qızı,

Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu