Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın yeni dövrü üçün olan bir çox hədəfləri açıqladı. Ölkə başçısı bildirdi ki, ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Hazırda neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir. Azərbaycan artıq səkkiz ölkəyə təbii qaz ixrac edir. Azərbaycanın təbii qazına Avropa İttifaqı məkanından tələbat daha böyükdür.Gələcəkdə ölkəmizin ixrac coğrafiyası daha da artacaq. Bu yaxınlarda ölkəmizin “Şahdəniz” yatağından sonra ikinci resurs bazası olan “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlanılacaq. Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. Bu da ölkəmizin resurs bazasını artıracaq. Bundan əlavə, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var.
Prezident İlham Əliyev vurğuladı ki, nəqliyyat sahəsində işlər davam etdiriləcək. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Azərbaycana həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və dövlətimiz də bunu edir. Ölkə başçısı qeyd etdi ki, dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi mümkün deyil. Belə olan halda ölkəmizin nəqliyyat infrastrukturuna olan ehtiyac daha da artacaq. Ölkəmizin üstünlüyü ondan ibarətdir ki, vaxtilə bütün lazımi infrastruktur layihələri icra edilib. Həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. Ölkəmizdə səkkiz beynəlxalq aeroport var, doqquzuncu isə Laçında inşa edilir. Baxmayaraq ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir, ancaq bu gün ölkəmiz nəqliyyat mərkəzlərindən birinə çevrilib. Azərbaycanın rolu getdikcə artacaq və ölkəmizə müraciətlər də çoxalacaq.
Andiçmə mərasimində Prezident İlham Əliyev bəyan etdi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi ölkəmizin xarici siyasətinin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da Azərbaycanın xarici siyasəti çox aydın və açıq olacaq. Bu gün dünya ictimaiyyəti ölkəmizin siyasətini bəyənir və dəstəkləyir. Əks halda Azərbaycanı 155 ölkə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə isə Qoşulmama Hərəkatına sədr seçməzdi. Həmçinin dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Bir sözlə, bu gün Azərbaycanın beynəlxalq nüfuzu heç kimə sirr deyil. Beynəlxalq ictimaiyyət Azərbaycanın tərəfindədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət ölkəmizi dəstəkləmişdir. Ölkə başçısı onu da vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki Ermənistanla sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı məhz Azərbaycan özü olub.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri