GEOSİYASİ PROSESLƏRƏ TƏSİR ETMƏK GÜCÜNDƏ OLAN YENİ BİRLİK FORMALAŞIR      

Prezident İlham Əliyevin Özbəkistana budəfəki səfəri geosiyasi və geoiqtisadi reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, Prezidentin indiki səfəri Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi dəvəti ilə bağlı idi. O da nəzərə alınmalıdır ki, regionun beş dövlətindən dördü tarixi keçmişi və hazırkı seçimi ilə Türk Dövlətləri Təşkilatına (TDT) bağlıdır. Azərbaycanın tarixi Qələbəsi Türk dünyasının daha sıx birləşməsinə təkan verib və TDT-nin beynəlxalq faktor kimi əhəmiyyətini önə çıxarıb. Azərbaycan Türkiyə və Mərkəzi Asiya ölkələri ilə birlikdə Orta Dəhliz kimi mühüm geoiqtisadi layihənin açar dövlətləridir. Ölkələrimizin nəqliyyat və logistika imkanları səfərbər olunmadan, Orta Dəhlizin gerçəkləşməsi mümkünsüzdür.

Diqqətdən o da yayınmamalıdır ki, 7-ci Məşvərət Görüşündən bir həftə əvvəl Vaşinqtonda Mərkəzi Asiya ilə ABŞ münasibətlərini şərtləndirən C5+1 sammiti keçirildi. Heç şübhəsiz ki, bu sammit  iqtisadi bağları gücləndirməklə yanaşı, yeni geosiyasi balansın təməlini  qoydu. Bu səbəbdən, həmin sammitin əhəmiyyətini  son illərin əsas müzakirə mövzusu olan yeni dünya düzəninin formalaşması prosesindən  kənarda təhlil etmək doğru olmazdı. XX əsrin tanınmış siyasi nəzəriyyəçisi Halford Makkinderə görə, Avrasiyanı idarə edən qüvvə dünyaya təsir etmək imkanına sahib olacaq. Avrasiyanın həlledici regionu isə Mərkəzi Asiyadır. Prezident İlham Əliyevin noyabrın 13-də, səfəröncəsi Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi bu fikir elə həmin geosiyasi reallığı və bu reallıqda Azərbaycan ilə Mərkəzi Asiya birliyinin əhəmiyyətini ifadə edir: “Azərbaycan və Mərkəzi Asiya ölkələri  artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir”.

    Bu səfər dünyaya göstərdi ki, Avrasiya məkanında geosiyasi proseslərə təsir etmək gücündə olan yeni birlik formalaşır. 7-ci Məşvərət Görüşünə ölkəmizin tamhüquqlu iştirakçı qismində qoşulmasının təməlində ortaq tarixi köklərimiz və milli-mənəvi dəyərlərimizlə yanaşı, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın Orta Dəhliz üçün açdığı bənzərsiz iqtisadi imkanlar dayanır. Prezident İlham Əliyevin Məşvərət Görüşündə səsləndirdiyi bu fikir elə həmin gerçəkliyi əks etdirir: “Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir… Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb”.

   Təkcə bu göstəricilər, xüsusən daşınma müddətinin qısalması  region ölkələrinə böyük iqtisadi mənfəət vəd edir. Bu baxımdan, Ələt Beynəlxalq Limanının buraxılış qabiliyyətinin 25 milyon tona çatdırılması, artıq istifadədə olan Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, ölkəmizin aviadaşıcılıq imkanları Azərbaycanı geoiqtisadi nəqliyyat qovşağına çevirir.

Prezident İlham Əliyev tarixi Zəfərimizdən sonra Zəngəzur dəhlizinin açılacağı ilə bağlı əminliyini dəfələrlə ictimai şəkildə bəyan edib. Çünki Azərbaycan Liderinin siyasi baxışı və qərarları bir çox siyasətçilərdən, həmçinin bəzi həmkarlarından  fərqli olaraq, populizmə deyil, praqmatik uzaqgörənliyə söykənir. Tarixi Zəfərimizi həzm edə bilməyən dairələr də artıq qəbul edir ki, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin tam gücü ilə işə salınması Zəngəzur dəhlizi açılmadan mümkünsüzdür. Prezident İlham Əliyevin növbəti açıqlaması elə həmin reallığı əks etdirir: “Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir”.

Ermənistanın və havadarlarının son aylar ritorikasının dəyişməsi də elə bu reallıqla bağlıdır. Hətta onlar da artıq qəbul edirlər ki, Azərbaycanın TDT-də və Mərkəzi Asiya dövlətləri ilə işbirliyində güclənən mövqeyi ilə hesablaşmadan, həmçinin hamıya real iqtisadi rifah vəd edən qərarları ilə razılaşmadan, Ermənistan iqtisadi dalandan çıxa bilməyəcək. Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismində qoşulması qərarı həm də bu baxımdan Azərbaycan diplomatiyasının növbəti uğurudur.

O da danılmaz həqiqətdir ki, həmin qərarın qəbul olunmasında Prezident İlham Əliyevin şəxsiyyətinə və siyasi nüfuzuna bəslənilən münasibət, liderlər arasında formalaşmış qarşılıqlı etimad müstəsna rol oynadı. Növbəti dəfə şahidi olduq ki, tarixdə Şəxsiyyət, Lider faktorunun rolu danılmazdır, indiki qarışıq dünyada isə əvəzolunmazdır.

Ülvi Quliyev                                                                                       

Milli Məclisin deputatı